MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Pərviz_Heydərov

Pərviz Heydərov: “Bank sektorunda böhranlı vəziyyətin “kəskinliyi və şiddəti” hissolunacaq dərəcədə azalıb”.

Ölkə iqtisadiyyatında 2 ildir ardıcıl olaraq davam edən geriləmə prosesindən sonra tədricən, stabilləşmə müşahidə edilməyə başlanıb. Əslində, bunu proqnoz etmişdim.

Belə ki, əvvəla, 2 il deyəndə, söhbət, 2015-ci və 2016-cı illərdən gedir. Xatırladım ki, 2015-ci ildə birincisi 34%, ikincisi isə 47% səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya baş verdi. Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 5 milyard ABŞ dollarına qədər düşdü. Halbuki, 1 il öncə, yəni 2014-cü ilin payız aylarının başlanğıcında nə az, nə çox 15 milyard dollardan çox təşkil edirdi. Keçən il isə üstəlik, 1 milyard dollar da xərcləndi. Və AMB-nin ehtiyatı 4 milyarda qədər endi.

2016-cı ilin əvvəli də çox pis başladı. Neftin dünya bazar qiymətlərinin 30 ABŞ dollarından aşağı düşməsi hökuməti əməlli təşvişə saldı. Fevral ayında dövlət büdcəsinə yenidən baxıldı və neftin proqnoz qiyməti 25 dollara salındı. Ölkədə 43 bank var idisə, sürətlə bir-bir sıradan çıxmağa başladı. 11 bank bağlandı.

Manatın ucuzlaşması prosesi əvvəlki ildəkindən fərqli olaraq, bu dəfə üzən məzənnə rejiminə keçidlə əlaqədar tədriclə davam etdisə də, bütövlükdə il ərzində o, 15 %-dək dəyərsizləşdi. İnflyasiya səviyyəsi 2015-ci il ərzində 4 % qeydə alınmışdısa, 2016-cı ildə bu rəqəm 12,4 % təşkil etdi. Ümumi daxili məhsul (ÜDM) istehsalı 2015-ci ilin yekununa güc-bəla ilə 1,1 % təşkil edə bilmişdisə, keçən il 3 %-dən də çox aşağı düşdü.

İnvestisiyaların da həcmi həm daxili, həm də xarici mənbələr hesabına azaldı. Əslində, 2014-cü ildən etibarən start götürən bu proses (1,7 %), 2015-də 11,1 %, keçən il isə 26 %-dən yuxarı təşkil etdi.

Və beləliklə də, ölkədə makroiqtisadi sabitlik əldən verilmədisə də, bütün bunlara əsasən, tam olaraq sarsıldı və olduqca, kövrək hala düşdü.

Ancaq bütün bunlara rəğmən, həm keçən il hökumətin həyata keçirdiyi bir sıra tədbirlər nəticəsində, həm də xarici iqtisadi faktorların təsirlərinin ilin 2-ci yarısından etibarən yumşalması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfindən istehsalın azaldılacağı haqda söhbət ortaya çıxan gündən sabit vəziyyətə gəlməsi səbəbindən, 2017-ci ilə böyük ümidlər bəslənilirdi.

Hətta, bu il ölkədə iqtisadi artımın bərpa olunacağı da proqnoz edilmişdi ki, ilin elə ilk ayından bu, özünü göstərməyə başladı. Belə ki, 2017-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 % çox ÜDM istehsalı qeydə alındı.

Manatın dollara qarşı dəyəri qeyd olunan ayda bir qədər çox, 8,23% civarında ucuzlaşdısa da, valyuta bazarında alovun tədricən yatmağa doğru meyilləndiyi müşahidə olunmağa başladı. AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 2017-ci il fevralın 1-nə ilin əvvəli, yəni yanvarın 1-nə olan rəqəmlə müqayisədə 352,8 milyon dollar və ya 8,88 % artdı ki, bunun da çox müsbət bir işartı olduğu və manatın ucuzlaşması prosesinin də nəhayət ki, dayanacağı aydın göründü.

Uyğun tendensiya fevralda da davam etmişdir. 2017-ci ilin yanvar-fevral aylarında ölkədə ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 % artaraq 10042,6 milyon manat təşkil etdi. Manat uzun fasilədən sonra möhkəmlənməyə başladı. Ümumiyyətlə, dolların məzənnəsində rekord səviyyə sonuncu dəfə fevralın 1-i tarixdə qeydə alınmışdı ki, bu da 1,9200 manat idi… Hazırda manatın dollara nəzərən rəsmi məzənnəsi hətta ötən ilin noyabr ayının 23-də (1,7146) qeydə alınan göstəriciyə belə yaxındır. AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi fevral ayında və martda da artım göstərməklə aprelin 1-nə 4 milyard 432,7 milyon dollara çatıb. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə qurumun valyuta ehtiyatları 458,3 milyon dollar və yaxud 11,5 % artıb.

İstehlak məhsullarının və xidmətlərin qiymətlərinin yüksəlməsi tempi isə zəifləməsə də, buna manatın məzənnəsi və idxal faktorlarının təsirləri nisbətən səngiyib. Bank sektorunda da böhranlı vəziyyətin “kəskinliyi və şiddəti” hissolunacaq dərəcədə azalıb. Xarici ticarət və tədiyyə balansı üzrə də müsbət meyillər vardır.

Sözün qısası, vəziyyət bu cür inkişaf edərsə, tezliklə bütün istiqamətlərdə müsbət tendensiyalar müşahidə edə biləcəyik.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top