MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

OPEC

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçirilib

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin (“OPEC+”) Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında iclası keçirilib.

Economic.az AZƏRTACa istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman və Rusiyanın Energetika naziri Aleksandr Novakın sədrliyi ilə keçən toplantıda “Əməkdaşlıq Bəyannaməsi”nin neft bazarının sabitliyini və iqtisadi bərpasını dəstəkləməkdə davam etdiyi, qlobal iqtisadiyyatın COVID-19 pandemiya şoku və sonrakı ağır böhranla üz-üzə qaldığı bildirilib. JMMC may-iyun aylarında, eləcə də iyul, avqust və sentyabr aylarında hasilata dair məhdudiyyətlərə tam riayət edilməsinin və həddindən artıq neft istehsalının həcminin kompensasiyasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, aprelin 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma, ümumilikdə, gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 milyon barrel azaldılmasını nəzərdə tuturdu.

İyunun 6-da OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha bir ay – iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabrınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin iclaslarının hər ay keçirilməsi zəruri hesab olunub.

Beləliklə, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,08 milyon barrel, qeyri-OPEC ölkələri isə 3,61 milyon barrel azaldacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə iyun ayında gündəlik neft istehsalını əlavə olaraq, təxminən 1,2 milyon barrel həcmində ixtisar edib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top