“Nənə qızlar” 32 ildən sonra yenidən Abdal-Gülablıda FOTO VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Nənə qızlar” 32 ildən sonra yenidən Abdal-Gülablıda FOTO VİDEO

Ağdam, 10 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdamın məşhur “Nənə qızlar” folklor ansamblının üzvləri 32 ildən sonra yenidən doğma kəndlərinə – Abdal-Gülablıya səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Nənə qızlar” burada sanatoriya ərazisindəki bulağın ətrafında rəqs edib, mahnı oxuyublar.

Bakı Dövlət Universitetinin “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri, folklorşünas Almara Nəbiyeva AZƏRTAC-a bildirib ki, Ağdamın “Nənə qızlar” ansamblı 1982-ci ildə ustad aşıq Xaspolad Mirzalıyevin təşəbbüsü ilə Abdal-Gülablı kəndində yaradılıb və böyük səhnələrdə çıxış edərək uğur qazanıb. Ermənistan tərəfindən Ağdam rayonunun işğal olunması nəticəsində bu ansambl da fəaliyyətini dayandırıb.

“44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra qərara gəldik ki, “Nənə qızlar” ansamblını bərpa edək. Ansamblın veteranlarını tapdıq, yeni istedadlı qızlar da dəvət etdik. Ansamblın “nənəsi” Xavər nənədən halallıq aldıq. Beləliklə, 2023-cü il noyabrın 8-də Ağdamın Quzanlı qəsəbəsində keçirilən Zəfər bayramında ansamblın fəaliyyəti bərpa edildi. Həmin vaxtdan “Nənə qızlar” folklor ansamblı ölkəmizdə keçirilən tədbirlərdə çıxışlar edir. Daim öz üzərində çalışan “Nənə qızlar” daha böyük uğurlara imza atmağı hədəfləyib” – deyə, o əlavə edib.

A.Nəbiyeva qeyd edib ki, adları həmişə qoşa çəkilən Abdal və Gülablı kəndlərini Qarabağın digər yaşayış məntəqələrindən fərqləndirən əsas cəhət burada muğamla yanaşı, aşıq musiqisinin də inkişaf etməsidir. Bir çox tanınmış aşıq, xanəndə və ifaçı bu kəndin yetirməsidir. “Nənə qızlar” ansamblının üzvlərinin əksəriyyəti də Abdal-Gülablıdandır.

Ansamblın “nənəsi” Sabirə Cəfərova 32 il sonra doğma yurda gələrkən kədər və sevinc hissləri yaşadığını, kövrəldiyini bildirib: “Ağdama – Gülablıya gələrkən həm xaraba qalmış kəndimizi görüb kədərləndim, həm də doğma yurdumuza yenidən qədəm basdığım üçün sevindim, köhnə xatirələri yada salıb kövrəldim. Kənddə konsert üçün yerimiz var idi. “Nənə qızlar” ansamblı olaraq hər həftə orada konsert verirdik. Bundan başqa, böyük tədbirlərdə də iştirak edirdik. Uğurlarımız çox idi. İnşallah, bundan sonra da uğurlarımız davamlı olar”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top