“Naxçıvan Qaziləri” İctimai Birliyinin yaranmasının birinci ildönümü qeyd olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Naxçıvan Qaziləri” İctimai Birliyinin yaranmasının birinci ildönümü qeyd olunub

Naxçıvan, 9 aprel, AZƏRTAC

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Naxçıvan Qaziləri” İctimai Birliyinin yaranmasının birinci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Televiziyası tərəfindən hazırlanan qazilərə həsr olunmuş videoçarxa baxılıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva qazi və şəhid ailələrinə səlahiyyətli nümayəndə Fuad Nəcəflinin salamlarını çatdırıb. Bildirib ki, Naxçıvanda şəhid ailə üzvlərinə, qazilərə daim dəstək göstərilir, onların özünüməşğulluğunun təminatı üçün tədbirlər həyata keçirilir. Cəmiyyətimizin bu həssas üzvlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması ilə bağlı məsələlər nümayəndəliyin xüsusi diqqət mərkəzindədir.

Qeyd olunub ki, işlə təminat məsələsində hər zaman şəhid ailə üzvlərinə və qazilərə üstünlük verilir. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Perinatal Mərkəzdə “Analar məktəbi”nin açılışı olub. Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova həmin məktəbə rəhbərlik edir və gənclərimizə tövsiyələr verir. Eyni zamanda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən mərkəzləşmiş müəllimlərin işə qəbul müsabiqələrinə bu ildən etibarən Naxçıvan da qoşulacaq. Seçimdə ilk növbədə şəhid ailəsi üzvlərinə üstünlük veriləcək. Həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri və qazilərə dəstəyi xüsusi vurğulanmalıdır. Ötən dövrdə xeyli sayda şəhid ailəsi üzvlərinə, qazilərə mənzil və avtomobillər təqdim olunub.

Tədbirdə şəhid Şükür Hacıyevin anası Fatma Şükürlü, Ramazan Göydağlının atası Əbülfət Əliyev və Zülal Mədətlinin atası Rəhim Mədətov Vətən oğullarının keçdiyi döyüş yolundan söhbət açıblar.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Ordusunu, əsgərini güclü edən texnika deyil, milli ruhdur. Həmin ruh sayəsində 30 illik ədalətsizliyə son qoyaraq 44 gündə tarixi qələbə qazandıq. Qanımızda, genimizdə yaşayan bu ruhu qoruyub saxlamaq, gənc nəslə aşılamaq mənəvi borcumuzdur. Naxçıvan Dövlət Universiteti daim bu istiqamətdə öz fəaliyyətini artırır, qazilərlə, şəhid ailələri ilə görüşlərin təşkili tələbələrin vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük rol oynayır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov ölkəmizin qazandığı tarixi Qələbədən, bu qələbədə böyük pay sahibi olan şəhid və qazilərimizin gənc nəslin təlim-tərbiyəsindəki rolundan bəhs ediblər.

Sonra Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, Prezident mükafatçısı Əziz Qasımov “Qazilərə dəstək: inkişaf və məşğulluq proqramı” layihəsini təqdimı edib.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov bildirib ki, ölkəmizdə şəhid ailələrinə, qazilərə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Onların sosial təminatı üçün davamlı işlər görülür. Qarşılaşdıqları çətinliklər dövlət qurumları tərəfindən həll edilir. Bunun ifadəsidir ki, respublikamızın bütün rayon icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi yaradılıb. “Naxçıvan Qaziləri” İctimai Birliyinin yaradılması və fəaliyyət göstərməsi üçün iş şəraitinin mövcudluğu dövlət orqanlarının da bu sahədəki işinə müsbət təsirini göstərir.

Qeyd edilib ki, ötən il “Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisi açılıb, “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatı keçirilib, səlahiyyətli nümayəndə ilə görüş olub. Eyni zamanda, birliyin nəzdində yeni şura yaradılıb, qazilərə üzvlük vəsiqələri təqdim edilib, müxtəlif vaxtlarda şəhidlərimizin məzarları ziyarət olunub.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy birliyin fəaliyyətindən danışıb, vətənpərvərlik ruhunda şeir səsləndirib.

Sonra veteran və qazilərə birliyin üzvlük vəsiqələri verilib, ictimai birliklə əməkdaşlıqda fəallıq göstərən təşkilatlar – “Şərq qapısı” qəzeti, Naxçıvan Televiziyası və Naxçıvan Dövlət Universiteti fəxri fərmanla təltif edilib.

Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin tələbələrinin ifasında bədii kompozisiya nümayiş olunub.

Tədbirdən sonra iştirakçılar Naxçıvan şəhər qəbiristanlığında şəhidlərin məzarını ziyarət ediblər.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top