MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

sefir

Latviyada Azərbaycan Ticarət Evi açılıb

Latviyada Azərbaycan Ticarət Evinin açılması önəmli hadisədir. Artıq 120 ton kənd təsərrüfatı məhsulu Latviyaya göndərilib. Latviya əhalisi Azərbaycan məhsullarının əldə edilməsində çox maraqlıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Latviyanın Azərbaycandaki səfiri Yuris Maklakovs deyib.

Səfir Latviya əhalisinin Azərbaycan məhsullarının yüksək keyfiyyətini gördükcə bu mallara tələbatın daha da artdığını bildirib. O deyib: “Bu, Azərbaycanın Avropa İttifaqında açılan ilk Ticarət Evidir. Bunun böyük perspektivləri var. Azərbaycan məhsulları Latviyadan digər Baltikyanı ölkələrə də paylanacaq. Biz Latviya məhsullarının Bakıda da təqdim edilməsinə çalışırıq. Düşünürəm ki, geniş seçim imkanının yaradılması daha məqsədəuyğun olar. Bir daha qeyd etmək istərdim ki, ölkələrimiz arasında nəinki siyasi, eləcə də iqtisadi əlaqələr sürətlə inkişaf edir”.

Ticarət Evinin açılmasının ölkələrimizin ticarət dövriyyəsinin həcminə də müsbət təsir göstərəcəyini söyləyən Y.Maklakovs turizm agentliyinin həmin Evdə təmsil olunacağını diqqətə çatdırıb: “Bununla da hər iki ölkədən axın edən turistlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Latviyanın yerli özünüidarəetmə orqanının rəhbəri sentyabrın sonlarında Bakıya səfər edəcək. Biz səfər çərçivəsində mədəniyyət, incəsənət, turizm və digər sahələrdə əməkdaşlığın yollarını araşdıracağıq. Biz tələbələrin mübadiləsini də həyata keçirəcəyik”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike Freyberqanın ölkəmizə mütəmadi səfər etdiyini deyən səfir mərkəzin təşəbbüslərinin dünyada sülhün, təhlükəsizliyin, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində önəmini vurğulayıb. Parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən diplomat hər iki parlamentdə işçi qruplarının bir-biriləri ilə fəal işlədiklərini qeyd edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş qeyri-rəsmi futbol oyunlarında latviyalı deputatların da iştirak etdiyini bildirib, keçirilən mütəmadi görüşlərdə əməkdaşlığın perspektivlərinin müzakirəsinin hər zaman prioritet olduğunu vurğulayıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top