Kommunikasiyalarla bağlı qadağa işə düşüb: Əmlak bazarında qiymət artacaq? – ŞƏRH + FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kommunikasiyalarla bağlı qadağa işə düşüb: Əmlak bazarında qiymət artacaq? – ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü il oktyabr ayının birindən başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Qanunlara edilən dəyişikliklərə əsasən, tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Yəni hər hansı bir kommunikasiya xəttinin çəkilməsi üçün həmin ərazidə məntəqənin ünvanı olmalıdır.

Bəs görəsən, bu dəyişikliklərin əmlak bazarına təsiri necə olacaq? Qiymətlərə təsir edəcəkmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, təbii ki, əmlak bazarına mənfi təsirləri görəcəyik:

“Oktyabr ayının birindən artıq tikilməkdə olan fərdi həyət evlərinə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olundu. Çünki əmlak bazarında ən ucuz əmlaklar çıxarışı olmayan fərdi evləri idi ki, onların satış qiymətləri ortala hesabla minimum 30 mindən başlayaraq təqribən 100 min manata qədər dəyişirdi. Çıxarışlı evlərin satış qiymətləri isə daha bahadır. Bu baxımdan mənzil alan aztəminatlı ailələr daha çox çıxarışı olmayan həmin fərdi yaşayış evlərinə üz tuturdular. Təbii ki, qanunlara dəyişikliklər birmənalı olaraq çıxarışsız torpaqlara və çıxarışı olmayan fərdi həyət evlərinə tələbatı azaldacaq”.

Ekspert qeyd edib ki, Bakı və Abşeronda yüzminlərlə çıxarışı olmayan fərdi yaşayış evləri var:

“Onların kommunikasiya xətləri çəkilməyib. Başqa bir tərəfdən isə bu məsələ çıxarışlı həyət evlərinin və torpaq sahələrinin qiymətini artıracaq. Hətta mənzillərin qiymətlərinə də təsir göstərəcək.

Çıxarışsız mənzillərin sayı çoxdur. Sayının çox olması səbəbindən mənzil sahibləri və onların ailə üzvlərinin mülkiyyət hüquqları tanınmır. Yəni əksər hallarda öz evlərinə qeydiyyata düşə bilmirlər. Burada dövlət daha çox itkilərə məruz qalır. Çıxarışsız həyət evlərinin sayının çox olması dövləti böyük gəlirlərdən məhrum edir. Əgər o əmlakların çıxarışları olsaydı, onlar əmlak və torpaq vergiləri ödəyərdilər, illik həmin əmlaklar sığortalana bilərdi.

Həmin əmlakların alqı-satqısı zamanı hər kvadratmetrə görə dövlətə vergi ödənilərdi. Bununla yanaşı, həmin əmlaklar ipoteka predmetinə çevrilərək kredit yolu ilə alqı-satqı oluna bilər. Vətəndaş, həmçinin, öz evini banka girova qoyub, kredit də götürə bilərdi”.

“Təbii ki, burada vətəndaşın itkisindən qat-qat çox, dövlət itkiləri var. Bu itkilərin qarşısının alınması üçün düşünürəm ki, həmin sənədsiz həyət evlərinə mütləq şəkildə sənədlər verilməlidir. Sənədlərin verilməsi üçün müəyyən prosedur qaydaları tələb olunur. Həmin ərazilərə sənədlərin çıxarışların verilməməsinə bir səbəb də onların torpaqlarının təyinatı üzrə istifadə olunmamasıdır.

Bununla bağlı da hansısa addımlar atılıb, təyinat dəyişikliyi baş verə bilər. Həmin evlərə çıxarışlar verilərsə, bu həm vətəndaş məmnuniyyətinə gətirib çıxarar, başqa bir tərəfdən isə dövlətimiz üçün qeyri-neft sektorundan, yəni daşınmaz əmlakdan daha böyük gəlirlərin gəlməsinə səbəb ola bilər”, – deyə E.Fərzəliyev əlavə edib.

Nəzrin Vahid

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top