İtaliyada xəstəxanaların təhlükəsizliyini təmin etmək üçün ordunu cəlb etməyə çağırışlar səsləndirilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İtaliyada xəstəxanaların təhlükəsizliyini təmin etmək üçün ordunu cəlb etməyə çağırışlar səsləndirilir

Bakı, 11 sentyabr, AZƏRTAC

Səhiyyə işçiləri İtaliya hökumətini həkimlərə və tibb bacılarına qarşı hücumlardan sonra dövlət xəstəxanalarını qorumaq üçün ordu göndərməyə çağırıblar. Həkimlər deyirlər ki, onlar həddindən artıq çox işləmək və az məvacib almaqla yanaşı, həm də fiziki təhlükəyə məruz qalırlar.

AZƏRTAC xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il tibb işçilərinə qarşı 16 mindən çox hücum olub.

Keçən həftə ölkənin cənubundakı Fodja şəhərində bir qrup həkim və tibb bacısı əməliyyat zamanı ölən gənc qadının qəzəbli qohumlarından və dostlarından qaçmaq üçün palatada barrikada qurduqlarını bildirib.

Xəstəxana işçilərinin qapını kilidləmək üçün divan və şkafın yerini dəyişdiyi fotolar sosial media və xəbər saytlarında geniş yayılıb.

Polis və işçilərin sözlərinə görə, o vaxtdan bəri həmin xəstəxanada iki hücum olub: 18 yaşlı xəstə bazar günü gec saatlarda üç təcili xidmət tibb bacısına hücum edib, xəstənin oğlu isə bazar ertəsi iki tibb bacısını və mühafizəçini vurub, – deyə “Reuters” xəbər verir.

“Biz xəstəxanalarda sıfır dözümlülük istəyirik… İstəyirik ki, ordu həm vətəndaşlara, həm də həkimlərə onların qorunduğunu başa salsın”, – deyə gündəlik “Il Messaggero” qəzeti Tibb Bacıları Milli Federasiyasının rəhbəri Barbara Manciakavallidən sitat gətirir.

İtaliyanın Milli Həkimlər Federasiyasının prezidenti Filippo Anelli hərbi müdafiə çağırışını dəstəkləyib və baş nazirdən xəstəxana təhlükəsizliyini yaxşılaşdırmaq üçün COVID pandemiyasından sonra ayrılan Aİ vəsaitlərindən istifadəni xahiş edib.

Apuliya bölgəsindəki SMI həkimlər həmkarlar ittifaqının rəhbəri Deliya Epifaninin sözlərinə görə, zorakılıq tibb personalının səhiyyəni tərk etməsinin əsas səbəblərindən biridir.

Digər Avropa ölkələri kimi, İtaliya da stresli iş şəraiti, aşağı əmək haqqı və dövlət xərclərinə məhdudiyyətlər səbəbindən daha da kəskinləşən kadr çatışmazlığının yer aldığı milli səhiyyə böhranı ilə üzləşir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top