MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

muqavile

İşəgötürənin təqsiri üzündən baş verən hallarda işçinin hüquqları

Dövlət Əmək Müfəttişliyi Xidmətinin son açıqlamasına əsasən, işəgötürənlər tərəfindən işçiyə ödənilməli olan, lakin vaxtında ödənilməmiş 90 min manatın ödənişi bərpa edilib.

Hüquqşünas Şəhriyar Həbilov ödənişlərin bərpasını işçilərin hüquqlarını müdafiə edən rəsmi qurumların uğurlu fəaliyyəti kimi qiymətləndirib. Qeyd edib ki, təcrübədə tez-tez təsadüf olunan bəzi hallar var ki, həmin hallarla bağlı işçi öz hüquqlarını bilməli və tələb etməlidir:
1. Əməkhaqqının gecikdirilməsi. Hər bir əmək müqaviləsi üzrə işçi ilə işəgötürən arasında əməkhaqqının verilməsi müddəti müəyyən edilir.
İşəmuzd və ya günəmuzd ödəmə hallarına uyğun olaraq işəgötürənlər razılaşdırılmış müddət üçün işçiyə əməkhaqqını vaxtında ödəmək öhdəliyi daşıyırlar. Bəzi hallarda işəgötürənin məsuliyyətsizliyi nəticəsində əməkhaqqı gecikdirilir. Bu zaman işəgötürən tərəfindən işçiyə gecikdirilmiş hər gün üçün əməkhaqqının azı 1 faizi məbləğində ödəniş edilməlidir. Bu hal fərdi əmək mübahisəsi yaratdıqda isə müraciətə fərdi mübahisə kimi baxılır.
2. Məzuniyyət haqqının vaxtında ödənilməməsi. Qanunvericiliyə əsasən, məzuniyyətə görə orta aylıq əməkhaqqı məzuniyyətin başlamasına azı 3 gün qalmış ödənilməlidir. Əgər işçi ilə bağlanmış müqavilədə, yaxud kollektiv müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, işçiyə məzuniyyətə görə ödənilən əməkhaqqı məzuniyyət başlanandan sonra gecikdirilməklə ödənilərsə, işçinin tələbi ilə məzuniyyət gününün başlanğıcı pulun ödəniş günündən sayıla bilər.
3. Əmək kitabçasının vaxtında qaytarılmaması. İşçi ilə işəgötürən arasında əmək müqaviləsinə xitam verildiyi sonuncu iş günü işəgötürən işçiyə son haqq-hesabı ödəməli və əmək kitabçasını təqdim etməlidir. Buna baxmayaraq işçiyə əmək kitabçası işəgötürənin təqsiri üzündən vaxtında təqdim edilməzsə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta aylıq əməkhaqqı ödənilməlidir.
4. Boşdayanma. İşəgötürənin təqsirindən istehsalın, axın xətti və işin dayandırılması baş verərsə, işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilməz. Bu hallarda işəgötürən işçilərə boşdayanma olmasına baxmayaraq işçi üçün müəyyən edilmiş dərəcənin vəzifə (tarif) maaşının 2/3 hissəsindən az olmayaraq ödəniş etməlidir. Bu məbləğin ödənilməsi üçün işçinin boşdayanmanın başlanması barədə işəgötürənə və ya iş yeri üzrə rəhbərinə xəbərdarlıq vermək öhdəliyi müəyyən edilib.
Bunlardan əlavə, istehsalat qəzası və ya peşə xəstəliyi kimi gözlənilməz hallarla əlaqədar işəgötürən icbari qaydada işçiyə dəyə biləcək zərərlərin kompensasiya olunması üçün sığorta etdirməlidir. İşəgötürənin təqsiri üzündən istehsalat qəzası və ya peşə xəstəliyi, yaxud ölüm halında işəgötürən işçiyə, onun ailə üzvləri və ya himayəsində olan şəxslərə kompensasiya ödəmək öhdəliyi daşıyır.
Qeyd edək ki, əgər işəgötürən əvvəlcədən bu hallara görə icbari sığorta olunubsa, bu zaman kompensasiya ödəmək öhdəliyi sığorta şirkətinə ötürülmüş olur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top