MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

iqtisadi

İqtisadi islahatlar Azərbaycana nə verəcək?

İqtisadiyyatın liberallaşdırılması, şəffaflığın və azad rəqabətin təmin olunması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə ardıcıl islahatlar həyata keçirilir. Dövlət başçısı bürokratik əngəllərin, monopoliyanın aradan qaldırılması, qeydiyyat məsələlərinin sadələşdirilməsi, məmur-vətəndaş, məmur-sahibkar təmasının minimum endirilməsi yolu ilə şəffaflığın təmin olunması, eləcə də yoxlamaların aradan qaldırılması üçün fərman və sərəncamlar imzalayır, bu qərarların keyfiyyətli icrası üçün nəzarət mexanizmlərini mobilləşdirir.

Biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək vermək istiqamətində çox önəmli addımlar atılır. Dövlət qurumları tərəfindən aparılan yoxlamaların azaldılması yönündə Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıq sahibkarlığın inkişafını təşviq edə biləcək mühüm qərar kimi xarakterizə edilir. Yoxlamların azaldılması deyərəkən çox ciddi fərqdən söhbət gedir. 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı dövlət başçısı önəmli bir statistikaya diqqət çəkdi:  “Yoxlamalarla bağlı mənim göstərişlərim yerinə yetirilir. Qeyd etməliyəm ki, 2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama keçirilmişdir. Bu il isə 34. Bu rəqəmlərə şərh verməyə ehtiyac yoxdur. Beləliklə, Azərbaycanda azad sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir. Biz hələ bu yolun başlanğıcındayıq. Əminəm ki, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Azərbaycana xarici sərmayə daha da böyük həcmdə gətiriləcəkdir. Çünki xarici sərmayələri cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi olmalıdır və qanunun aliliyi təmin edilməlidir. Əgər biz başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki, sürətli inkişaf yoluna qədəm qoymuş ölkələr bu yolla gediblər və beləliklə, öz ölkələrini xarici sərmayə üçün çox cəlbedici ölkələrə çevirə biliblər. Bu gün istənilən ölkə xarici sərmayəni cəlb etməyə çalışır, hətta böyük maliyyə resurslarına malik olan ölkələr. Çünki bu, həm əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik”.

Bəli, göründüyü kimi islahatlar, iqtisadiyyatın liberallaşması, azad rəqabət mühitinin təmin olunması yerli iş adamlarını stimullaşdırmaqla yanaşı, daha bir strateji hədəfə hesablanıb – xarici investorların Azərbaycana sərmayə yatırılmasına maraqlandırmaq.

İki gün öncə Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü zamanı da president görülən işlər, aparılan islahatlar barədə iş adamlarını məlumatlandırmaqla onları ölkəmizə sərmayə qoymağa dəvət edirdi. Dövlət başçısı iş adamlarının təkliflərini dinlədi, real təkliflərlə onları əməkdaşlığa dəvət etdi.

Prezident qeyd etdi ki, daxili istehsalı təşviq edir, daha çox iqtisadi artıma ehtiyac duyulan sahələrdə özəl sektora kreditlər ayırırıq. Sitat: “Ancaq düşünürəm ki, bu sahədə diqqət vergi rejimi ilə bağlı qanunvericilik və sərmayə mühitinə yönəldilməlidir. Müvafiq sərmayə mühiti, kiçik və orta müəssisələr üçün imkanlar yarandığı halda onların özləri inkişaf edəcəkdir. Dövlət qurumları isə onların gündəlik fəaliyyətinə müdaxilə deyil, yalnız lazımi şərait yaratmalıdır. Burada kiçik və orta şirkətlər ən həssas vəziyyətdədir. Çünki böyük şirkətlər özlərini müdafiə edə, öz mövqelərini ortaya qoya bilirlər. Təəssüf ki, kiçik şirkətlər bəzən müdaxilə ilə üzləşir və hesab edirəm ki, bu sahədə onlar üçün şəraitin yaradılması məqsədilə inzibati və institusional tədbirlər görülməlidir”.

Prezident qeyd etdi ki, biz yaxşı balans yaratmalıyıq ki, yerli istehsalçılar nəticədə inhisarçılara çevrilməsin. Təbii ki, rəqabətin gücləndirilməsi baxımından idxal vacibdir. Lakin diqqət yetirməli olacağımız məsələ yerli istehsalın qorunması ilə yanaşı, digərləri üçün imkanların yaradılmasından ibarət olacaqdır.

Vergi və gömrük sistemindəki sadələşdirmə də iqtisadiyyatın sağlamlaşdırılmasına hesablanıb. Prezident deyir: “Biz beynəlxalq standartlara uyğun vergi və gömrük idarəetməsinə malik olmalıyıq – biznes üçün şəffaf, açıq, proqnozlaşdırılan və dost yanaşması ilə fərqlənən sistem. Müdaxiləsiz, qeyri-qanuni tələblərsiz, gecikməsiz, inhisarçılıqsız, azad rəqabətə malik şəffaf şərait. Biz bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, ilkin nailiyyətlərimiz var və bu, uzunmüddətli siyasət olacaqdır.

Vergi auditi və Sosial Müdafiə Fondu tərəfindən aparılan yoxlamalar və işlərin asanlaşdırılması baxımından onların birləşdirilməsinin nəzərdən keçirilməsi məsələsinə toxundunuz. Bununla yanaşı, Cinayət Məcəlləsinə dair məsələlər də qeyd edilmişdir. Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq. Kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır. Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq”.

Elektron hökumət məsələsi ölkəmizin priritetləri və həllinin gücləndirdiyi məsələlər sırasındadır. Bu baxımdan  “ASAN xidmət” olduqca yaxşı nümunədir. Prezident bu faktı təbii olaraq, xüsusi vurğu ilə deyir: “İki il ərzində oraya 7 milyon müraciət olunmuşdur və bu rəqəm böyük ehtimalla artmışdır. Bu, dövlət qulluğunda bir inqilab oldu. Bu, nəinki dövlət qulluğunda, zənnimcə, xalqımız üçün böyük yenilik oldu. Əvvəllər, onlar bunun mümkün olmasına inanmırdılar. Yəni, adamlar üçün almaq istədiklərini hər hansı tələb olmadan əldə etmələri mümkün oldu. Bir sözlə, həmin iş bunun mümkünlüyünü göstərdi. Göstərdi ki, biz buna nail ola bilərik. Hazırda isə məqsəd həmin fəaliyyəti genişləndirməkdir. Söhbət onun təkcə coğrafi baxımdan genişləndirilməsindən getmir. Hazırda rayonlarda iki mərkəz tikilmək üzrədir. Həmçinin orada göstərilən xidmətlərin sayı da artacaq. Biz daha çox xidmət növlərini əlavə edəcəyik.

Öncə söylədiyim kimi, “ASAN” hər yerdə olacaq. “ASAN” şəffaflıq, mədəniyyət, xidmət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir. Ölkəmizdə biz məhz bunlara nail olmalıyıq ki, insanlar rahat həyat sürsünlər. İnsanlar nə istəyirlər? Onlar öz hüquqlarının təmin edilməsini arzulayırlar. Onlar hər hansı qeyri-qanuni yanaşmaya məruz qalmalı deyillər. Buna görə, “ASAN” genişlənəcək və ola bilsin, siz daha hansı xidmətlərin oraya əlavə edilməsi ilə bağlı məsləhətlər verə bilərsiniz. Bu, artıq bizim brendimizdir – Made in Azerbaijan. Şadam ki, artıq əqli məhsullarla da fəxr edə bilərik”.

Ölkəmizdə korrupsiya ilə mübarisə ciddi şəkildə davam etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu mənada “ASAN xidmət”in mövcudluğunu və fəaliyyətini xüsusi olaraq qeyd etmək olar. Prezident bu nümunənin genişləndirilməsinə lüzum var. Sitat: “Korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir. İslahatlar korrupsiyanın nəzərəçarpan dərəcədə azaldılmasına yönəldilib. Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir. Onların müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir. Bu, yenə də təkrarlanır. Biz nə etməliyik? Bunun üçün təsisati tədbirlərlə şəraiti daraltmalıyıq ki, bu, mümkün olmasın. “ASAN xidmət”dəki kimi, digər sektorlarda da etməliyik. Buna görə, korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq. Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik. Bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər”.

Vüsal Məmmədov

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top