MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

2017

İqtisadçılar gələn illə bağlı proqnozlarını açıqladılar

Cəmi bir gün sonra 2016-nı yola salıb, 2017-ni qarşılayacağıq. 2016-cı il hər kəsin yaddaşında müxtəlif hadisələrlə qaldı. İqtisadi baxımdan götürdükdə isə, 2016 bir o qədər də xoş xatırlanmayacaq. Belə ki, təkcə Azərbaycan üçün deyil, elə bütün dünyada 2016 böhran ili kimi yaddaşlarda qaldı. Hələ ilin əvvəlindən neftin dünya bazarındakı  qiymətinin xeyli aşağı düşməsi iqtisadiyyatı neftdən asılı olan ölkələrin gəlirlərinin azalmasına, qiymət artımlarına gətirib çıxardı. Bizim də  iqtisadiyyatımızın zöyük hissəsinin neftlə bağlı olduğunu nəzərə alarasaq, bu ili xeyli çətinliklərlə yola salırıq. Qarşıdan 2017 gəlir. Bəs görəsən iqtisadçılar 2017-ci il üçün nələri proqnozlaşdırırlar? Xoruz ilində hansı sürprizlər gözlənilir?
“2017-ci ildə də müəyyən çətinliklər gözlənilir”
İqtisadçı Vüqar Bayramov deyir ki, 2016-cı il gözlənildiyi kimi, çətin il oldu: “Geridə qoyduğumuz 2016-nın asan il olmayacağı əvvəlcədən də proqnoz edilmişdi. Bu çətinik özünü ümumdaxili məhsulun azalmasında da göstərdi. Təəssüflər olsun ki, 2017-ci ilin də asan olacağı gözlənilmir. Proqnozlarda gələn ildə müəyyən çətinliklər olacağı qeyd olunur. Neftin dünya bazarındakı qiyməti indiki intervalda qalarsa, iqtisadi baxımdan 2017-ci ildə də müəyyən çətinliklər olacaq, o cümlədən dövlət gəlirlərində azalma müşahidə ediləcək. Çünki Azərbaycan iqtisadiyyatının 86 faizi neft və neft məhsullarından asılıdır. O baxımdan götürdükdə, neftin dünya bazarındakı qiyməti 2017-ci ildə bizim üçün önəmli olacaq. Qiymət yüksələrsə, ölkəyə daxil olan valyutanın həcmində artım müşahidə oluna bilər. Bu isə ümumilikdə dünya iqtisadiyyatında stabilləşmə yarada bilər. Amma qiymətlər indiki intervalda qalarsa, vəziyyət o qədər də qənaətbəxş olmayacaq”.
İqtisadçı gələn il üçün gözlənilən müsbət məqamlardan da söz açdı: “2016-cı ilin sonunda ölkə prezidenti tərəfindən iqtisadi inkişaf üzrə strateji “yol xəritəsi” və eləcə də 11 istiqamət üzrə strategiyalar təsdiq olundu. Bu kontekstdən yanaşsaq, 2017-ci il iqtisadi islahatlar ili kimi yadda qalacaq. Kəskin islahatların aparılması baxımından 2017-ci il bizim üçün çox vacibdir. İslahatlar aparılacağı təqdirdə, “yol xəritəsi”ndə nəzərdə tutulan və 2017-ci il üçün planlaşdırılan fəaliyyətlərin reallaşdırılması növbəti illərdə Azərbaycan iqtisadiyyatında yenidən və daha stabil dayanıqlı inkişafa səbəb ola bilər. Hesab edirəm ki, 2017-ci il bir şans ili kimi yadda qalacaq və post-neft dövründə iqtisadi islahatlar üçün zəmin rolunu oynayacaq. Ona görə də 2017-ci ili daha genişmiqyaslı iqtisadi islahatlar ili kimi xarakterizə etmək olar. İqtisadiyyatın liberallaşması ilə bağlı aparılan islahatlar baxımdan gələn il çətin olmasına baxmayaraq, Azərbaycan tarixində kifayət qədər yaddaqalan bir il ola bilər”.
“Riskləri minimuma endirmək mükündür”
İqtisadçı ekspert Qadir İbrahimli bir qədər bədbin proqnozlar verdi: “2017-ci il Azərbaycan iqtisadiyyatının ən ağır illərindən biri olacaq. Çünki həm devalvasiya, həm də işsizlik miqyasının artması riskləri xeyli yüksəkdir. Ancaq hesab edirəm ki, hökumət müəyyən iqtisadi alətlərlə təsir edərək bu riskləri minimuma endirə bilər. Lakin bütün hallarda risklər var və gözlənilir. “Yol xəritəsi” strateji hesablamalardır və o, sırf 2017-ci il üçün nəzərdə tutulmayıb. Bu strategiya yaxın 5-10 il üçün özünü doğrulda bilər. Onlar uzunmüddətli nəticələr üçün hesablanmış proqramlardır. 2017-ci ildə həmin proqramların icrasına başlanıla bilər”.
“Müəyyən probemlərin olması qaçılmazdır”
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkli Vahid Əhmədov bildirdi ki, üzümüzə gələn il də çətinliklər ili olacaq: “Çünki hələlik əsas gəlirlərimiz neftdən asılıdır. Neftin qiymətində isə stabillik yoxdur. Digər tərəfdən, ixracımız da o qədər yüksək deyil və tədiyyə balansında hələlik mənfi saldomuz var. 2017-ci ildə də bu tendensiya müəyyən qədər davam edəcək. Amma dövlət başçısının imzaladığı strateji “yol xəritələri”nin vaxtında icrasına başlanılarsa, 2017-ci ili müəyyən qədər müsbət məqamlarla yola sala bilərik. Hesab edirəm ki, gələn il manatın məzənnəsində də müəyyən problemlər ola bilər. Stratej “yol xəritəsi”ndə manatın məzənnəsiin sərbəst buraxılması nəzərdə tutulub. Əlbəttə, problemlər olacaq. Amma yəqin ki, 2017 nə qədər çətin il olsa da, onu stabilliklə başa vura biləcəyik”.
“Sosial problemlər aradan qalxacaq”
 
Milət vəkili Aydın Hüseynov qeyd etdi ki, üzümüzə gələn ilin nəticələri indidən bəllidir: “2017-ci il üçün proqnoz verməzdən əvvəl   onu deyə bilərəm ki, 2016 böyük islahatlarla yadda qalan bir il oldu. Belə ki, 2016 həm struktur yenilənməsi, həm də qanunvericilk bazasının daha da mükəmməlləşməsi baxımından çox uğurlu bir il oldu. Təkcə iqtisadi sferanı əhaət edən 50-dən çox qanun qəbul olundu və  mövcud qanunlara dəyişikliklər edildi. Bu islahatlar Azərbaycan iqtisadiyyatının daha da dayanıqlı olmasına, risklərdən qorunmasına və ən başlıcası, ölkə iqtisadiyyatının yeni bir dövrə – postneft dövrünə qədəm qoymasına hesablanmışdı. 2017-ci ilin uğurları indidən bəllidir. Qarşıdan gələn il  üçün dövlət büdcəsi təsdiq olunub. Büdcədə sosial sferanı əhatə edəcək xərclərdə dinamika var. Bu sahədə müxtəlif tədbirlərin həyata keçirilməsi, əmək haqlarının, təqaüdlərin artırılması nəzərdə tutulub. Bütün bunlar ona əsas verir ki, gələn il bu sahədə problemlərimiz olmayacaq. İmzalanan “yol xəritəsi”nin həyata keçirilməsi istiqamətində mühüm işlərin icrası reallığa söykənir. Bütün bunlar 2017-ci ilin uğurlu il olacağını deməyə əsas verir”.
“Neftin qiyməti gələn il yüksələ bilər”
 
İqtisadçı Arzu Qafarlı bildirdi ki, gələn il neftin qiymətində artım ola bilər: “2017-ci ildə hamının gözlədiyi əsas məlumatlar dollar və neftin qiyməti ilə bağlı olacaq. Dolların məzənnəsinin yüksəlməsi, neftin aşağı düşməsi dünya iqtisadiyyatına çox təsir edir. Bir çox şirkətlər bağlanır, ixtisarlar olur, qiymətlər qalxır və s. Qeyd etdiyim bu prosesləri çox ölkələrdə izlədik. Həmçinin bu il FES dolların uçot dərəcəsini iki dəfə artırdı, bunun müqabilində dollar bir neçə faiz bahalaşdı. Faiz qərarından sonra FES sədri Janet Yellen toplantının nəticələri ilə bağlı mətbuat konfransında 2017-ci ildə də faizlərin artırılmasına davam edəcəklərini bildirdi. Əgər bu, baş tutarsa, FES sədri ABŞ-da gələn 3 il ərzində işsizliyin 4.5% olacağını gözləyir. Amma FES 2017-ci ildə uçot dərəcəsini artırmaya da bilər. Çünki ABŞ-da keçirilən prezident seçkilərindən sonra ciddi iqtisadi dəyişikliklərin baş verməsi gözləniləndir. Neftin qiyməti isə gələn il yüksələ bilər”.
 Mənbə: Kaspi.az
Şəbnəm Mehdizadə

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top