İpək turizmi: “Turistlərin gəlişi ölkə büdcəsinə xeyli vəsait daxil etdirir”. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İpək turizmi: “Turistlərin gəlişi ölkə büdcəsinə xeyli vəsait daxil etdirir”.

Economic.az: Təbiətin möcüzəsi olan bu materialdan hazırlanan parça gülləni saxlayacaq qədər möhkəm, paraşütdə istifadə ediləcək qədər yüngüldür. Söhbət təbii ipəkdən gedir. Qədimdə bu mövzudan danışanları əzablı edam cəzası gözləyərmiş. Çünki o dövrdə hesab edilərmiş ki, ipəyin necə hazırlanması, ümumiyyətlə ona qədər baş verən təbii proses gizli saxlanmalıdır. Bu, Tanrının möcüzəsidir, onu açmaq olmaz. Əlbəttə, bu qədimdə belə idi. Müasir dövrdə isə danışmaq təhlükəli deyil. Keçək əsas məsələyə: ipək necə hazırlanır?
Əfsanəyə görə bir dəfə ağacdan Çin imperatorunun fincanındakı qaynar çaya barama düşür və uzun sapa çevrilir. Bu da ipək sapların hazırlanmasının əsasını qoyur. Hazırda dünyada istehsal olunan ipəyin 3/4-i Çinin payına düşür. Amma ipək istehsalı prosesi ilə tanış olmaq üçün turistlər Çinə yox, 3 000 kilometr cənubdakı Tailanda üz tutur. Buradakı kəndlərin birində əhali ənənəvi yolla, sırf əl əməyi ilə təbii ipək parça toxuyurlar. Keyfiyyətli ipək parça üçün birinci şərt sağlam ipəkqurdunun yetişdirilməsidir. İlk günlər çox zəif olan bu qurdlar özünə gəldikdən sonra sürətlə qidalanmağa başlayırlar. İpək sap toxumaları üçün onlar öz kütlələrini 10 min dəfə artırmalıdır. Əgər orta yaşlı insan bu həcmdə qida qəbul etsə, onun çəkisi 30 min tona çatar. Bu qurdlar yalnız təzə tut yarpağı ilə qidalanır. 40 gün gecə-gündüz yedikdən sonra ipəkqurdu öz tüpürcəyindən tor hörməyə başlayır. Tor uzun bir lifdən ibarətdir. 1 qurd orta hesabla 1 kilometr uzunluqda sap hörür. Lakin sənayedə tətbiq edilmədiyi təqdirdə bu baramalar heç nəyə yaramır.
Əvvəlcə baramanın açılması lazım gəlir ki, bu da kollektiv iş sayəsində mümkündür. Əvvəlcə barama qaynar suya salınır, nəticədə ipək sap ayrılır. Açılmış ipin möhkəmliyi üçün bir neçə sapın bir yerdə burulması şərtdir. 1 kilo ipək sap almaq üçün 5 000 barama və 30 saat əl əməyi tələb olunur. Sonrakı mərhələdə sapların qurudulması, boyanması və parçanın toxunması gəlir. Bu proses həm əllə, həm də sənaye üsulu ilə həyata keçirilir. Sonuncu üsul prosesin daha sürətli olmasına zəmanət verir. İstehsal nə qədər çox olsa da, dünya bazarında tələb təklifi üstələyir, yəni müştəri qıtlığı yoxdur.
Beləliklə, hər il neçə min turist Tailanda ipəkqurdlarının barama hazırlanması prosesini izləyir. Təsəvvür edin ki, turistlərin gəlişi ölkə büdcəsinə xeyli vəsait daxil etdirir. Buna ipəkçilik turizmi deyilir. Azərbaycan da qədim ipək yurdu sayılır. Belə turizmin Şəkidə təşkili maraqlı alınar. Əvvəlcə prosesi daxili turizm hesabın aparmaq mümkündür. Şagird və tələbələr üçün ekskursiyalar təşkil edilir, nəticədə turizmin belə üsulu geniş təşəkkül tapır. Heç də pis alınmaz.

Azər Qismət

Economic.az üçün

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top