İngiltərədə “Sıfır emissiya hədəfinə gedən yolda beynəlxalq tərəfdaşlığın rolu” mövzusunda tədbir keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İngiltərədə “Sıfır emissiya hədəfinə gedən yolda beynəlxalq tərəfdaşlığın rolu” mövzusunda tədbir keçirilib

London, 6 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Lafboro (Loughborough) Universitetində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə “Sıfır emissiya hədəfinə gedən yolda beynəlxalq tərəfdaşlığın rolu” adlı beynəlxalq seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminar, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl Dünya Naminə Hamrəylik İli” elan edilməsi mövzusunda mühüm müzakirələr üçün vacib bir platforma olub. Tədbirdə Britaniyanın nüfuzlu universitetlərinin elmi işçiləri, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova, Britaniya Şurası və Milli Şəbəkənin (National Grid) nümayəndələri, Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahova və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Laman Əliyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin siyasi müşaviri Günel Səlimova, Azərbaycanın 2030-cu ilə qədər bərpa olunan enerji gücünü 30 faizə çatdırmaq və mövcud enerji sistemini diversifikasiya edərək yaşıl enerji sahəsində lider olmaq məqsədilə həyata keçirdiyi yaşıl enerji layihələri haqqında məlumat verib. O, həmçinin Azərbaycanın bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığını deyib və tədbirin əsas məqsədləri barədə ətraflı məlumat təqdim edib.

Seminar zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva, Azərbaycanın ekoloji sahədə beynəlxalq əməkdaşlıqlarda iştirakının və “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində görülən işlərin əhəmiyyətindən danışıb. Seminarda həmçinin “İrəliləmiş mühəndisliyin sıfır emissiya məqsədlərinə inteqrasiya etməsi” mövzusunda panel müzakirələr keçirilib. Kranfield Universitetinin professoru Upul Vijayanta, hidrogenin iqlim dəyişikliklərinin azaldılmasındakı rolu haqqında çıxış edib. Varvik Universitetindən professor Alok Çoudhari isə “Sıfır emissiya təchizat zənciri: strategiyalar və çərçivə” mövzusunda təqdimat edib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Lafboro Universitetinin kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə edilib.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top