Himayədar ailələrə verilən uşaqların sayı 15-ə çatıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Himayədar ailələrə verilən uşaqların sayı 15-ə çatıb

Bakı, 1 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin himayədar ailələrə verdiyi uşaqların sayı 15-ə çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Himayədar ailələrə verilən uşaqlardan 4-ü oğlan, 11-i qızdır. Həmçinin 7-si 6 yaşadək olan, 7-si 7-13 yaş arası, 1-i 14-18 yaş arasında uşaqlardır.

Hazırda həmin uşaqların 6-sı Bakı şəhərindəki, 9-u rayonlardakı (Lənkəran-2, Cəlilabad-1, Ağcabədi-1 , Biləsuvar-1, Zaqatala-1, Gəncə-1, Göyçay-1, Şamaxı – 1) ailələrdə yaşayırlar.

“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur.

Himayədar ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələrə himayəyə götürdükləri 0-6 yaş arasında uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7-13 yaş arasında uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat), 14-18 yaş arasında uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top