Hacı Əmi Atakişiyev – “Uğur – başqalarının sınaqdan keçirdiyi və müsbət nəticəsi olan təcrübələrdən düzgün yararlanmaqdı” - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hacı Əmi Atakişiyev – “Uğur – başqalarının sınaqdan keçirdiyi və müsbət nəticəsi olan təcrübələrdən düzgün yararlanmaqdı”

EVN_7151

Hacı Əmi Atakişiyev – 28 fevral 1951-ci il tarixində Bakı şəhərində doğulub. Ailəlidi. 2 övladı var. Hazırda “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin Baş Katibidir və “Fəxri sədri”dir.

Hələ tələbəlik dövründən fəallığı ilə fərqlənən Hacı Əmi Atakişiyev ali məktəbdə oxuyan zaman “Tələbə konstruktor bürosu”nun yaradıcılarından olub. İnamı, istəyi sayəsində uğur onu illər boyu izləyib… 1984-1999-cu illər arası Bakı Şəhər İcra Hakimiyyətində, Şəhər tərtibatı dizayn İdarəsinin rəisi, Bakı şəhər Baş memarının müavini, Bakı şəhərinin baş rəssamı və “Reklam-informasiya” Departamentinin sədri vəzifələrinə qədər yüksəlib. 1992-1999-cu illərdə BŞİH-in Reklam və İnformasiya İdarəsinin rəisi olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dizayn” kafedrasının dosenti vəzifəsində çalışıb. 1995-ci ildə “Azərbaycan Reklamçılar İttifaqı”nın təsisçilərindən biri, eyni zamanda, İttifaqın İdarə Heyətinin sədri olub. Hazırda “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin baş katibi və “Fəxri sədri”dir. Respublikamızda reklam sahəsinin inkişafı perspektivləri və dünya təcrübəsinin gənc mütəxəssislərə aşılanması ilə  bağlı tədris materiallarının hazırlanması ilə məşğuldur.

Uğurları:

1.Beynəlxalq Şərq Memarlar Akademiyasının müxbir üzvü;

2.Beynəlxalq Eko-enerji Akademiyasının doktoru, professoru;

3.Beynəlxalq Reklamçılar Assosiasiyasının Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru;

3.Moskva Memarlar İttifaqının üzvü;

4.Azərbaycan Rəssamlar İttifaqının üzvü;

5.Azərbaycan Jurnalistlər İttifaqının üzvü.

Hacı Əmi Atakişiyevlə söhbətimiz də elə əldə etdiyi bu uğurlar haqqında oldu. O, “Uğur nədi?” sualını belə cavablandırdı. “Mən, Amerika yazıçısı və filosofu, transsendentalizm fəlsəfi hərəkatının banisi Ralf Uold Emersonun uğura verdiyi tərifi təkrarlayardım: “Uğur – sonda istər sağlam övlad, istər azad ruh, istər yaşıl baxça, istər yaxşı bir sosial vəziyyət bəxş edərək  dünyanın yaxşılaşdırılmasına fayda verməkdir”.

“Bu qədər uğurlar əldə etmiş bir insansız. Buna necə nail oldunuz? Ümumiyyətlə, uğur qazanmaq sizə asan başa gəldi, yoxsa çətin?” sualına həmsöhbətimiz belə cavab verdi: “Uğur satın alınmır və kimsə tərəfindən pay verilmir. Uğur – savad qismət olaraq gəlir, şans olaraq isə Allah yol açır. Şəxsən mənim əldə etdiyim uğurlara gəlincə, uğur qazanmaq üçün 15 yaşından çalışıb işləyib, məvacib almışam. İşdən yorulmamışam. Sonda isə bu nəticəyə gəldim ki, uğur qazanmaq üçün əsas amillərdən biri və deyərdim ki, ən vacibi cəmiyyətin səni sevməsi, sənin isə bu sevgiyə cavab verməyindir. Bu sevgini qazanmaq və cavablandırmaq böyük bir bacarıq tələb edir. Qarşılıqlı sevgiyə sahiblənməklə uğurlarım bir-birini əvəz etdi”.

Hər kəsin həyatda bir idealı olur. Dünyada milyonlarla iş adamı, öz əməli, gördüyü işlər sayəsində tanınan, şöhrət və uğur qazanan insanlar var. Onların hamısı bu cəmiyyətin yetişdirdiyi şəxsiyyətlərdir. Dünən də olub, bu gün də var. Belə uğur qazananlarla bağlı  Hacı Əmi müəllimin həyatdakı idealının kimliyi ilə maraqlandıq. Düzünü deyim ki, sıralama məni çox təəccübləndirdi. “Mən bu sualın cavabı olaraq 3 dahi şəxsiyyətin adını çəkəcəm. Bəli, İlk olaraq İslam dininin banisi, müsəlmanlar üçün Allahın elçisi (Rəsulullah) Məhəmməd peyğəmbər, sonra şair Mirzə Ələkbər Sabir və memar Həsənağa Məcidovdu. Mən onları dünyanın uğur qazanan ən məhşur insanları hesab edirəm.

Uğur qazanmaq yolunda həmsöhbətimizin gənclərə tövsiyəsi isə belə oldu “Cənclərə tövsiyəm savadlı olsunlar. Onlar keçmiş və gələcəyi öyrənsələr, ağbirçək – ağsaqqal sözünü dinləyib, nəsihətlərini qəbul edib, nəticə çıxarsalar çox irəli gedib, uğur qazanarlar. Bunu mən öz təcrübəmdən deyirəm. Və bütün gənclərə uğurlar diləyirəm!”

P.S: Siz, uğurla bağlı azərbaycanlı iş adamlarının, ictimai xadimlərin və dünya şöhrətli məhşurların dəyərli fikirlərini Economic.az saytı ilə yanaşı Arzu Qafarlının bu yaxınlarda işıq üzü görəcək “5İ – Uğur düsturu” kitabından da oxuya biləcəksiz. Həyatda uğur qazanmağın sirrini öyrənmək istəyirsizsə, o zaman bizi izləməkdə davam edin!

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top