MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Goranboy

Goranboyda sahibkarlarla işgüzar forum keçirilib

Mayın 19-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. Nazirliyin mətbuat xidmətindən economic-ə verilən məlumata görə, Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Goranboyda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.

100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet hesab olunan südlük istiqamətli cins heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, gips əsaslı üzlüklərin və dam örtükləri istehsalı müəssisələrinin və 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, bu ilin ötən dövrü ərzində 895 sahibkara 55 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1900-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Bildirilmişdir ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5856 investisiya layihəsinin maliyyələşdirilməsinə 217,4 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə suları istehsalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.

Tədbir çərçivəsində Goranboy və ətraf rayonlardan olan 55 sahibkara 5,4 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, üzümçülük, pambıqçılıq, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu investisiya layihələrinin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması imkan yaranacaq.

Forum çərçivəsində Goranboyda güzəştli kredit ayrılmış 200 başlıq cins heyvandarlıq və pambıqçılıq təsərrüfatlarına baxış keçirilmişdir. Son illərdə güzəştli kreditlər hesabına ildə 190 min ton süd və 2,6 min ton ət istehsal etmək gücündə olan 25 cins heyvandarlıq kompleksinin yaradılmasına 104,7 milyon manat və illik emal gücü 207,4 min ton olan 9 süd emalı müəssisəsinin maliyyələşdirilməsinə 22,7 milyon manat güzəştli kredit verilmişdir. Müasir heyvandarlıq kompleksləri və kiçik ailə fermer təsərrüfatları respublikanın süd emalı zavodlarının  xammala olan tələbatının təmin edilməsində mühüm rol oynayır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top