MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

vergilər nazirliyi

Gəncə sahibkarları vergi qanunvericiliyinə edilmiş dəyişikliklər barədə məlumatlandırılıb

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 23 dekabr 2016-cı il tarixdə imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunların, habelə vergi inzibatçılığında aparılmış dəyişikliklərin mahiyyətinin bölgələrdə fəaliyyət göstərən iş adamlarına çatdırılması məqsədilə Vergilər Nazirliyi vergi ödəyiciləri ilə silsilə görüşlər keçirir.

Economic-in məlumatına görə, bu qəbildən olan növbəti görüşlər yanvarın 27-də Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında fəaliyyət göstərən vergi ödəyiciləri ilə, yanvarın 28-də isə Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan Gəncə və Naftalan şəhərləri, Goranboy, Samux, Göygöl, Daşkəsən rayonlarında fəaliyyət göstərən, həmçinin Kəlbəcər rayonundan olan sahibkarlarla keçirilib. Görüşdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə məlumat verərək bildirib ki, bu dəyişikliklər ölkədə sahibkarlığın və investisiyaların təşviqi,  sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların qanuni hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, dürüst və şəffaf vergi uçotunun qurulmasına xidmət edir.

Qeyd olunub ki, ölkə başçısının təşəbbüsü ilə qəbul edilmiş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması, onların sərəncamında olan vəsaitlərin artırılması, sahibkarlığın inkişafının stimullaşdırılması və daha əlverişli biznes mühitinin formalaşdırılması üçün əlavə imkanlar yaradır.

Görüşdə çıxış edən Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri, qanunvericilikdə əksini tapan yeni anlayışlar, yeni vergi bəyannamələri və hesabat formaları, vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin dərinləşdirilməsi, intizamlı vergi ödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipinə əsaslanan şəffaf vergi xidmətlərinin göstərilməsi, uçot sistemnin şəffaflaşdırılması, “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərindən irəli gələn məsələlər, 2017-ci il yanvar ayının 1-i vəziyyətinə olan faizlərin və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən hesablanmış maliyyə sanksiyalarının tam həcmdə qeyd-şərtsiz, digər maliyyə sanksiyalarının isə qanunla müəyyən edilmiş şərtlər əsasında silinməsi və.s. barədə ətraflı izahatlar veriblər.

Tədbirdə vergi ödəyicilərinin pərakəndə ticarətdə uçot sistemi ilə bağlı müəyyən edilmiş tələblər, elektron qaimə-fakturaların tətbiqi, sabit vergi və könüllü vergi açıqlaması sistemlərinin mahiyyəti, nağd ödəmələrə qoyulmuş limitlər, ödəmə mənbəyində tutulan vergilər və s. kimi məsələlərlə bağlı çoxsaylı sualları cavablandırılıb.

Görüşdə çıxş edən sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edilməlidir ki, son iki həftə ərzində Ərazi Vergilər Departamentlərinin və İdarələrinin əhatə dairəsinə daxil olan 54 rayonda fəaliyyət göstərən yerli sahibkarlarla görüşlər keçirilib. Görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 3000-dən çox sahibkar iştirak edib.  Bununla yanaşı, bütün yerli vergi orqanlarının əməkdaşları üçün seminar-müşavirələr keçirilib, vergi qanunvericiliyində və vergi inzibatçılığında aparılmış dəyişikliklərin onlar tərəfindən necə mənimsənildiyi yoxlanılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top