Gənc sahibkarlar 50 min manatadək investisiya cəlb etmək imkanı əldə edəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gənc sahibkarlar 50 min manatadək investisiya cəlb etmək imkanı əldə edəcək

Azərbaycanda gənc sahibkarlar yerli və xarici investorlardan 50 min manatadək investisiya cəlb etmək imkanı əldə edəcək.

“Youth Inc.” gənclərin sahibkarlıq proqramı və tərəfdaşları gənc sahibkarları beynəlxalq səviyyəli “Youth Inc. Business Academy” akselerasiya proqramında iştirak etməyə dəvət edir.

“Youth Inc. Business Academy” akselerasiya proqramının iştirakçıları xarici və yerli mentorlar tərəfindən hazırlanan 6 həftəlik intensiv təlim-tədris kursunda iştirak etmək imkanı qazanacaq.

Təlimlər zamanı yüksək fəallıq göstərən və reallaşması mümkün biznes-ideyası olan iştirakçılar biznes-model kətanından istifadə edərək biznes-ideyanı sınaqdan keçirmək, həmçinin potensial müştəriləri necə aşkar etmək və onlarla əlaqə yaratmaq üçün mövcud üsul və vasitələr haqqında məlumatlandırılacaq, istər ölkədaxili, istərsə də ölkənin xaricindən olan potensial biznes tərəfdaşlarını (həmtəsisçiləri, investorları, mentorları və biznes-məsləhətçilərini) necə aşkar etməyi, onlarla görüşüb birgə iş birliyi qurmaq imkanı əldə edəcəklər.

İştirakçılar, həmçinin biznesin təşkili, əqli mülkiyyət hüquqları, şirkətlərdə sahiblik və şəriklik formaları, biznesə maliyyənin cəlb olunması üsulları və yeni texnologiyalardan şirkət işində istifadə yolları barədə müvafiq bilik və bacarığa yiyələnmək şansı qazanacaqlar.

Proqram iştirakçıları öz bizneslərini ABŞ və Azərbaycandan olan investorlara təqdim edərək 50 min AZN məbləğinə qədər investisiya cəlb etmək imkanı da əldə edəcəklər. Proqramın iştirakçısı olmaq üçün 18-35 yaş arası gənc sahibkarlar müraciət edə bilər. Son qeydiyyat tarixi 1 may 2016-cı il.

“Youth Inc. Business Academy” akselerasiya proqramı “Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində “Coca-Cola” şirkəti, Gənclər və İdman Nazirliyi, DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı” və “Nobel Oil” enerji şirkətinin dəstəyi ilə həyata keçirilir. Ətraflı məlumatı academy.youthinc.az saytından əldə etmək mümkündür.

Xatırladaq ki, “Coca-Cola”, Gənclər və İdman Nazirliyi və DVC tərəfindən 2013-cü ildən həyata keçirilən “Youth Inc.” proqramı gənc sahibkarlığın inkişafı istiqamətində geniş imkanlar təklif edir.

“Coca-Cola”nın “Youth Inc.” proqramı çərçivəsindəki fəaliyyəti Azərbaycanda gənc insanların təhsil və bizneslərinin inkişafının dəstəklənməsinə yönəldilib. “Coca-Cola” hesab edir ki, cəmiyyətin iqtisadi rifahının yüksəldilməsi və ölkənin dayanıqlı inkişafına yardım baxımından gənclərə yatırılan investisiyalar vacibdir.

Təqdirəlayiqdir ki, “Youth Inc.” çərçivəsində 8 yeni şirkətin qurulmasına dəstək göstərilib, 5 minə yaxın gənc proqramın təklif etdiyi təlim və tədbirlərin iştirakçısı olub. Proqramın məqsədi Azərbaycanda biznes-inkubasiya üsullarının istifadəsi ilə gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmaq, ölkədə kiçik və orta biznesin inkişafına töhfə verməkdir.

Şəxsi biznes-ideyasını həyata keçirmək istəyən gənclər üçün proqramın əsas mərkəzinə çevriləcək “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi artıq fəaliyyətdədir və Mərkəz gənc sahibkarlara geniş spektrli xidmətlər göstərməyə hazırdır. “Youth Inc.” proqramı haqqında daha ətraflı məlumatı www.youthinc.az saytından əldə edə bilərsiniz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top