Farel Vilyams Bakıya gəlir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Farel Vilyams Bakıya gəlir

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixlərlərində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində konsert proqramları keçirəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) ictimaiyyətə böyük məmnuniyyətlə bildirir ki, dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias vəFarel Vilyams 2016-ci il Formula 1 Avropa Qran Prisinin yarış həftəsonu ərzində təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaq. İyunun 17-si cümə günündən başlayaraq, dünya musiqisinin üç məşhur ulduzu Formula 1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcək.

Belə ki, cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda minlərlə Formula 1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.

Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.

Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. 2016-cı il Formula 1 Avropa Qran Prisində sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula 1 tədbiri başa çatacaq.

Musiqi proqramı təsdiq olunduqdan dərhal sonra çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ulduzların Bakıya gəlişinə belə münasibət bildirdi: “Dünya üzrə keçirilən müxtəlif Qran Pri yarışlarında musiqi ulduzlarının iştirakı onu sübut edir ki, musiqi ilə Formula 1-in vəhdəti ayrılmazdır. Bugünkü xəbərə əsaslanaraq onu deyə bilərəm ki, Formula 1 həftəsonu ərzində avto-idman azarkeşləri və musiqisevərlər həm trekdə, həm də trekdən kənarda təşkil olunacaq və Bakının ev sahibliyi edəcəyi böyük idman yarışının  və əyləncənin uğurlu vəhdətini izləyə biləcəklər. Bizə qoşulmaq barədə düşünənlərə sözümüz var: 2016-cı il Formula 1 Avropa Qran Prisini qaçırmaq olmaz. 17-19 iyun tarixlərində Bakıda sizinlə görüşməyi və birlikdə əylənməyi səbrsizliklə gözləyirik”.

Qeyd edək ki, konsertlərə giriş ödənişsizdir və bu proqramda ancaq Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər. Bununla yanaşı üç günlük bilet sahibləri eksklyuziv olaraq Pit Yoluna, pilotların gündəlik avtoqraf sessiyalarına və yarış həftəsonu ərzində trek boyu təşkil olunmuş müxtəlif əyləncə tədbirlərinə qatıla biləcəklər.
2016-cı il Formula 1 Avropa Qran Prisinin biletlərinin satışı davam edir!

Bakıda keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisinə iki aydan bir az çox vaxtın qaldığı bir ərəfədə biletlərin satışı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi saytında (www.bakucitycircuit.com) və Bakının aparıcı aliş-veriş mərkəzlərində davam edir.

Biletləri, həmçinin, www.gootickets.com, Grand Prix Tickets Worldwide (www.gpt-worldwide.com) və www.formula1.com saytlarından da əldə edə bilərsiniz.

2016-cı il Formula 1 Avropa Qran Prisinin biletlərini indidən əldə etmək və Bakıya səfərinizi əvvəlcədən planlaşdırmaq istəyənlər üçün lazımi məlumatlar bu keçiddədir: www.bakucitycircuit.com

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top