MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ev kohne

Ev alanların diqqətinə: Bu incəlikləri mütləq nəzərə alın – MÜTƏXƏSSİS RƏYİ

Bakıda alıcılara müxtəlif layihəli, müxtəlif şəraiti olan mənzillər təklif olunur. Əmlak məsələləri üzrə ekspert hər bir layihənin müsbət və mənfi tərəflərini saf-çürük edir, məsləhətlərini verir
Ev almaq istəyən insanların sayı gündən-günə artır. Bakıda olan mənzil çeşidlərinin çoxluğu, yəqin, hər kəsə məlumdur. Bu da ev almaq istəyi olanlarda suallar yaradır. Sualları ümumiləşdirsək, insanlara maraqlıdır ki, bu mənzil çeşidlərini bir-birindən hansı xüsusiyyətlər fərqləndirir? Hansını alsam, uduzmaram? Bu kimi suallar ətrafındaəmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevləsöhbətləşdik.

Həyət evləri

E.Fərzəliyev ilk olaraq həyət evlərindən, onların üstünlüklərindən danışdı, ancaq burda riskli amillər olduğunu da bildirdi: “Vətəndaşın şəxsi həyət evinin olması üstünlükdür. Yaşıllığın var, istədiyin formada istirahət edə, avtomobilini saxlaya bilirsən. Həyət evləri kateqoriyalara – villalar, sənədi olanlar-olmayanlar, riskli mənzillərə bölünür. Bələdiyyə sərəncamı ilə tikilən, yaxud yaşayış təyinatı olmayan torpaqlar üzərində, vulkanik ərazilərdə, yüksək cərəyanlı elektrik naqillərinin altında və s. inşa olunan həyət evləri riskli əmlaklar sayılır. Onların qiymətləri çox ucuzdur. Həyət evlərində konkret qiymət seçimi olmur. Eyni ərazidə kvadratına, mərtəbəsinə, təmirinə, torpaq sahəsinə görə qiymətlər dəyişir. Yatırım kimi isə həyət evləri əlverişli deyil. Çünki, həyət evlərinin satışı və yatırdığın pulu yenidən diriltmək çətindir, standart qiymətlər yoxdur”.

“Bu evi satsa, ikisini alar”

E.Fərzəliyev bildirir ki, “xruşşovka” layihəli tikililər isə köhnə binalardan qiyməti ən ucuz, kvadratı ən kiçik olandır: “Bu binalardakı mənzillərin otaqları, mətbəx və sanitar qovşağı kiçik, tavanı aşağı olur. Sonuncu mərtəbələrdəki mənzillərin qiyməti ortadakılara nisbətən ucuz olur. “Xruşşovka”larda əvvəl qiymətlər daha aşağı idi. İstismar müddətini bitirib deyə, banklar bu binalarda ipoteka ilə satışa pul ayırmırlar. Lakin bir neçə ildir ki, “xruşşovka”ların da qiymətlərində artım var. Köhnə, istismar müddətini bitirmiş, qəzalı vəziyyətdə olan binalar 2016-cı ildən mərhələli şəkildə sökülür. Ona görə “xruşşovka” alan insanların əksəriyyəti düşünür ki, evi alacağam və bir müddət sonra söküləcək. Yeni bina tikən şirkət 2 il kirayə pulu ödəyəcək, sonra yeni binadan tam təmirli və daha geniş mənzil verəcək. Vətəndaş yeni mənzili satsa, kənar ərazidə 2 ev ala bilər. Bu səbəbdən “xruşşovka”lara maraq artıb”.

Qiyməti yuxarı, satışı sürətli

E.Fərzəliyevin sözlərinə görə, “Leninqrad” layihəli binalar köhnə tikililərin içində otaqların sayına, geniş balkona, hündürlüyün normal, sanitar qovşağın ayrı olmasına görə, ən gözəlidir: “Bu binaların qiyməti həmişə yuxarı olub. Bu layihəli binalara həmişə tələbat olur. Satışı sürətli gedir. Bu binalar daş və panelə bölünür. Panellər daha çox doqquzmərtəbəli olur. Şəhərin bəzi ərazilərində beşmərtəbə panel “Leninqrad”lar da var. Panellərdə şimal küncdə nəmişlik olur deyə, müştərilər qaçır. Amma orta mərtəbələr yaxşı satılır. Daş “Leninqrad” sürətli satılır, sayı az olduğu üçün həmişə tələbat var”.

“Leninqrad”a bənzəyir, amma…

E.Fərzəliyev deyir ki, “Kiyev” proyektləri “Leninqrad”a oxşardır: “Kiyev”in mətbəxi və dəhlizi “Leninqrad”dan geniş, amma eyvanları, yataq otaqları kiçik olur. Bu binalar daha çox doqquzmərtəbəli olur. Az hallarda beşmərtəbəlisinə və daşdan olanına rast gəlinir”.

Elit binalar

E.Fərzəliyev bildirir ki, elit binalar sayılan “stalinka” layihəli tikililər şəhərin mərkəzində daha çoxdur: “Ən böyük kvadratlı mənzillər bu binalarda olur. Köhnə binalar içində daim müştəriləri olandır. Hündürlüyü 3 metr 30 santimetr, qonaq otağı 24 kvadrat, yataq otaqları, mətbəx də çox geniş olur. Beşmərtəbəli binalarda tavan beton deyil, taxta arakəsmələrdir. Beşinci mərtəbəsinə qalxıb düşmək insana əziyyət verir deyə, yuxarı mərtəbələrin satışı çətin olur. Nərimanov rayonunda klassik “stalinka” layihəli evlərə daha çox rast gəlirik”.

E.Fərzəliyevin sözlərinə görə, şəhərin mərkəz hissələrində “stalinka” olmayan, amma bu adla satışa çıxarılan mənzillər də var: “Onların əksəriyyəti arxitektur binalardır. Bu binalar tarixidir, sökülməyəcək”.

Görünən tərəfi bəzəkli evlər

E.Fərzəliyev deyir ki, mərkəzdə “italyanka” layihəli mənzillər də var: “Onlar şəhərin mərkəzində, xüsusən də Nizami küçəsində gördüyümüz gözəl binalardır. Həddindən artıq köhnə, görünən tərəfi boyanmış, pilləkənləri çöldən, girişi ümumi, uzun dəhlizi olan binalardır. Qiymətləri əvvəl çox baha idi, kvadratı bir neçə min manata satılırdı. Əvvəllər kirayə vermək üçün alırdılar. Daha sonra mərkəzdəki bahalı evlərə tələbat azaldı, qiymətləri ucuzlaşdı. Çünki, o binaların istismar müddəti bitdiyindən bank predmetinə çevrilə bilmir”.

Arxitektura bənzəyən layihə

E.Fərzəliyev bildirir ki, Bakıda arxitektur binalara bənzər “alman” layihəli evlər də var: “Onların da kiçik və ya böyük kvadratlı olanları mövcuddur. Mərkəz hissələrdə gördüyümüz 4-5 mərtəbəli binaların əksəriyyəti arxitektur və alman tipli binalardır. “Alman” layihələri 2-3-4-5 mərtəbəli olur, tavanları taxtadandır. Daha çox 2-3 mərtəbəlilərə təsadüf edilir, pilləkəni taxtadan yığılmış olur. İstismar müddətini bitirmiş, bir hissəsi hətta qəzalı vəziyyətdə olan binalardır”.

Anormal proyekt

E.Fərzəliyevin sözlərinə görə, Bakıda rast gəlinən “fransız” layihəli binalar qəribə quruluşa sahibdir: “Fransız” layihəli binalar mikrorayonlarda daha çoxdur. “Xruşşovka”ya bənzəyir, amma paneldəndir, daha hündürdür. Balkonun içəridə və ya çöldə olmasına görə iki hissəyə bölünür. Balkonu çöldə olanda kvadratı böyük, içəridə olanlarda nisbətən kiçik olur. Mətbəxin qapısı zala açılır, sanitar qovşaqdan mətbəxə birbaşa yol var, çox adam buranı bağlayır”.

Hər şeyi yeni bina

E.Fərzəliyev deyir ki, yeni binaların bloku, liftləri, mənzilləri yenidir deyə, daha yaxşıdır, amma qiymətləri hər kəsə uyğun deyil: “Əslində, qiyməti baha deyil. Yeni binaların ümumi sahəsi daha geniş olduğuna görə qiyməti baha görünür. Köhnə binalarda ümumi sahə, otaqlar kiçik olsa da, yataq otağı, zal, mətbəx, sanitar qovşaq və dəhliz yaşamaq üçün kifayət edir. Amma yeni tikililərdə çox böyük eyvanlar, dəhlizlər var. Bəzi proyektlərdə dəhliz 20-25 kvadratdır. Otaq kimi istifadə etmək olmur və vətəndaş hər kvadrata görə pul ödəyir. Yaxşı layihəli binalar var, amma azdır. Layihə yaxşı olanda, alıcısı daim var”.

Yatırım kimi alınan ev

E.Fərzəliyev bildirir ki, mənzillərin qiymətləri layihəsinə görə dəyişir: “Əksəriyyət əmlakı satmaq niyyəti ilə alır, düşünür ki, nə vaxtsa sataram. Yatırım kimi daha əlverişli olanı çıxarışlı mənzillər və bina evləridir. Bina evlərindən az kvadratlı mənzillərin satışı daha rahatdır. Böyük kvadratlı mənzillərin satışı bir az çətin olur. Böyük kvadratların alıcıları əvvəl daha çox idi. Hazırda əhali daha çox ekonom mənzillərə üstünlük verir”.

“Bu da çox bahadır”

Kommunal xidmətlər cəhətdən yanaşsaq, E.Fərzəliyev deyir ki, bu zaman ən əlverişlisi köhnə binalardır: “Onların illik kommunal xərci maksimum 20 manatdır. Amma yeni tikililərdə aylıq kommunal haqqı 20 manatdan başlayır. Kvadrata görə ödənilən pul 15-20 qəpikdən 2 manata qədər arta bilir. Mərkəzdə elə mənzillər var ki, aylıq kommunal ödənişləri 200-250 manata qədərdir”./Kaspi.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top