Emin Hacıyev: Azərbaycan öz mövqeyi, inkişaf modeli, iqtisadi və siyasi gücü olan ölkədir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Emin Hacıyev: Azərbaycan öz mövqeyi, inkişaf modeli, iqtisadi və siyasi gücü olan ölkədir

“Avropa Şurasının Dağlıq Qarabağda keçirilən “seçki”lərlə bağlı səssizliyi bu təşkilatın əsl mahiyyətini, ikili standartlarını ifadə edir. İşğal olunmuş ərazilərimizdə qondarma xunta rejiminin keçirdiyi qondarma “seçkilər” beynəlxalq təşkilatlar və dövlətlər, eləcə də münaqişənin həlli üzrə danışıqlarda vasitəçilik edən dövlətlər səviyyəsində pislənib, Avropa Şurası isə neytral qalıb”. Bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

E.Hacıyev bildirib ki, bu məsələdə neytral qalmaq beynəlxalq hüquqa qarşı hörmətsizlik, Azərbaycana qarşı ədalətsiz mövqeyin təzahürüdür. Onun sözlərinə görə, 2001-ci ildə Avropa Şurasına üzvlüyə qəbul olunan zaman rəsmi Bakı və İrəvan bu təşkilat qarşısında bir sıra öhdəliklər götürmüşdülər. Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı idi. Həmin vaxtdan ötən 19 il ərzində Ermənistan öz destruktiv siyasətindən əl çəkmədiyi, substantiv danışıqlara meyl göstərmədiyi kimi, Avropa Şurası da qətiyyətli mövqe ortaya qoymayıb, əksinə, Azərbaycan əleyhinə əsassız, arqumentsiz kağız parçaları qəbul edib. Cənab Prezident İlham Əliyevin “Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır” açıqlaması təşkilatın mahiyyətini və dövlətimizə münasibətini aydın ifadə edir.

Onun sözlərinə görə, Azərbaycanda bütün sahələrdə struktur-institusional, eləcə də kadr islahatları, insan hüquq və demokratik dəyərlərin möhkəmlənməsi, biznes mühitinin liberallaşdırılması istiqamətində ardıcıl islahatlar aparılır. Bunları görməmək mümkün deyil.

Millət vəkili qeyd edib ki, indi bu təşkilatın bəzi Qərb ölkələrində insan hüquqlarının pozulması ilə bağlı sükutu da ikili standartlardan xəbər verir. “Vahid yanaşma olmalıdır. ABŞ-da qaradərili vətəndaşın polislər tərəfindən qətli, daha sonra bu ölkədə və Fransada baş verənlər, polis zorakılığı, nümayişçilərə qarşı tətbiq olunan güc – bütün bunlar hər kəsin gözü qarşısında baş verir. Ancaq başqa ölkələrə yanaşmada ortaya qoyulan mövqeyi indi müşahidə etmirik. Niyə?! Bu, əslində ritorik sualdır – cavab aydındır, birincisi, böyük dövlətlərdən qorxurlar, ikincisi, bu bəyanatlar hansısa məqsədləri həyata keçirmək üçün istifadə olunan təzyiq mexanizmidir. Azərbaycan isə öz mövqeyi, inkişaf modeli, iqtisadi və siyasi gücü olan ölkədir və belə alətlərlə bizə təsir etmək mümkün deyil”-deyə, E.Hacıyev bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top