MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Vüqar Bayramlı

Əmanətlərindən mərhum edilən əmanətçilər öz pullarını artıq geri ala bilərlər

Konstitusiya Məhkəməsinin qərarı bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə pullarını tam olaraq geri almaq imkanı yaradır.

Economic.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, artıq bonus səbəbindən qorunan əmanətlərindən mərhum edilən əmanətçilər Əmanətlərin Sığortalanması Fonduna müraciət etməklə öz pullarını artıq geri ala bilərlər:

“Konstitusiya Məhkəməsi əmanətlərin sığortlanması ilə bağlı qanunun şərh edilməsinə dair qərar qəbul edib. Belə ki, müflis olan banklarda bonuslu əmanətlərin qorunan olub-olmaması müəyyənləşdirilən zaman qorunan faizlərin hesablanmasında problemlər var idi. Xüsusən də “Dəmirbank”ın əmanətçilərinin bir qismi öz qorunan əmanətlərini ala bilmirdilər. Sözügedən bank daha çox əmanət cəlb etmək üçün bonus kampaniyaları keçirirdi. Belə kampaniyalar, həmçinin qorunan əmanətlərə aid edilirdi. Əmanətlərin Sığortalanması Fondu isə bankların ödədiyi bonusun faiz dərəcələrinə daxil edilib-edilməməsi barədə qərar verə bilmədiyi üçün bəzi əmanətlər qorunmayan hesab edilirdi və nəticədə vətəndaş öz pulunu geri ala bilmirdi. Məsələn, müflis olmuş bank 15 faizlə qorunan manat əmanəti qəbul edir və illik əlavə olaraq 2 faiz bonus ödəyir. Bu halda sual yaranırdı: həmin əmanətin faizi 15, yoxsa 17 faizdir?

Belə ki, 15 faiz sığortalanandır, amma 17 faizli əmanət qorunmur. Konstitusiya Məhkəməsinin sonuncu qərarına əsasən, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Bu isə o deməkdir ki, Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar çıxarıb və 2 faiz bonus olan maksimum sığortalanan faizlə cəlb edilən əmanət müqavilələrində dividend faizi 17 yox, 15-dir. Yəni həmin əmanətlər qorunur və geri qaytarılmalıdır. Bonuslar səbəbindən əmanətlərini ala bilməyən əmanətçilər son qərardan sonra öz vəsaitlərini Əmanətlərin Sığortlanması Fondundan geri ala bilərlər. Söhbət milyonlarla manatla ifadə olunan əmanətlərin geri qaytarılmasına başlanılmasından gedir. Bu baxımdan, bonus səbəbindən qorunan əmanətlərindən mərhum edilən əmanətçilər fonda müraciət etməklə öz pullarını artıq geri ala bilərlər. Konstitusiya Məhkəməsinin son qərarı bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə hətta bu gün fonda müraciət edib pullarını tam olaraq geri almaq imkanı yaratdı”.

Qeyd edək ki, sentyabrın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Müzakirələrdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarda deyilir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top