ƏDV-li avtobuslar, “sıfır dözümlülük”: Artan qəzaların qarşısını necə almalı? – RƏY + FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ƏDV-li avtobuslar, “sıfır dözümlülük”: Artan qəzaların qarşısını necə almalı? – RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 20 ildə ölkədəki minik avtomobillərinin sayı bir milyonu keçib. Əslində, bu, əhalinin maddi durumunun nəqliyyat vasitəsi ala biləcək səviyyədə olduğunu göstərir. Lakin avtomobillərə əlçatanlıq artdıqca respublika ərazisində qəzaların sayı da çoxalır.

Ekspertlər nəqliyyat vasitələrinin çoxluğunun həm tıxaclara, həm də yollarda normadan artıq yüklənmələrə səbəb olduğunu deyirlər.

Bəs sadalanan hallarla yanaşı, həm də qəzaların qarşısını almaq üçün hansı addımlar atılır?

İstismar müddətini başa vurmuş nəqliyyat vasitələrinin utilizasiyası müzakirə edilsə də, hələ də prosesin hansı mərhələdə olması barədə rəsmi məlumat yoxdur. Ölkədə avtoparkın köhnə olması aidiyyəti qurumlar tərəfindən təsdiq edilir. Bunu müvafiq statistika da sübut edir. Bəs problemin həlli istiqamətində hazırlanmalı olan mexanizm nədir? Yoxdursa, niyə gecikir, varsa, niyə tətbiq edilmir?

Dünya praktikasında nəqliyyat vasitələrinin artımının qarşısını almaq üçün tətbiq edilən və effektiv olan həllər hansılardır?

Mövzunu Oxu.Az-a nəqliyyat eksperti Rauf Ağamirzəyev şərh edib. Ekspert deyir ki, respublikada avtoparkın köhnə olması nəzərə alınaraq stimullaşdırıcı bir neçə tədbir görülüb:

“Qanunla buraxılış ili 10 yaşa qədər olan avtomobillərin ölkəyə gətirilməsində tətbiq edilən rüsum digərlərinə nisbətən fərqləndirilib. Bununla da köhnə avtomobilin ölkəyə gətirilməsinə qanuni tərəfdən əngəl yaradılıb. İkinci tədbir ölkəyə gətirilən elektrik avtomobillərinin üç il müddətinə ƏDV-dən azad edilməsidir. Bu, elektrik avtomobillərinin alışına müsbət təsir edən məqamdır. Arada 18 faiz fərq var, bu, az məbləğ deyil”.

Utilizasiya proqramının geniş, mürəkkəb proses olduğunu deyən ekspert onun hətta bir çox inkişaf etmiş ölkələrdə də tam formada tətbiq edilmədiyini diqqətə çatdırıb:

“Utilizasiya prosesi sözdə sadə ola bilər, proses isə çox mürəkkəbdir. Orada tələblər var. Belə ki, proses könüllü olaraq həyata keçirilməlidir. Digər tərəfdən, yerli istehsalçını stimullaşdıran məqam olmalıdır. Amma ölkənin avtomobil istehsalı ilə yerli tələbatı ödəmək olmaz. İki yerli istehsalçımız – Naxçıvan və Neftçalada fəaliyyət göstərən avtomobil zavodlarıdır. Neftçaladakı avtomobil istehsalı ilə məşğul olan zavod iki il bundan öncə elan edib ki, Özbəkistanla müştərək “Chevrolet” markalı avtomobil buraxır. Bu proses də bir az zaman alacaq”.

Avtobuslar ƏDV-dən azad edilməlidir

Ekspert düşünür ki, ölkədə az sayda avtobus istehsalı olsa da, bu sahəni stimullaşdırmağa ehtiyac var:

“Ümumi avtoparkı yeniləmək üçün avtobus istehsalçılarını ƏDV-dən azad etmək olar. Çünki bir avtobusun qiyməti heç də ucuz deyil. Düşünmürəm ki, ölkədə hazırda istehsal edilən avtobuslar daxili tələbatı ödəsin. Xüsusilə diqqəti sərnişin avtobuslarına yönəltmək yaxşı olardı. Tək paytaxt deyil, respublikanın bütün ərazilərini təmin etmək üçün avtoparkların yenilənməsinə böyük ehtiyac var. Fərdi nəqliyyat vasitələrindən istifadə edən bütün sürücülərin mövzuya münasibət bildirərkən dediyi tək fikir var: onlar keyfiyyətli ictimai nəqliyyat olduğu halda öz avtomobillərindən imtina edərlər”.

Dünyada “sıfır dözümlülük” konsepsiyası mövcuddur

Ekspert deyir ki, bu konsepsiya ölüm hallarına sıfır dözümlülük deməkdir:

“Sıfır dözümlülük” mənasına gələn “vision zero” yol hərəkəti təhlükəsizliyində ən müasir yanaşma hesab edilir. Həm şəhərdaxili, həm də magistral yollarda bu yanaşmada əsas tezis insan itkisinin olmamasıdır. Düşünürəm ki, bu konsepsiyanın tələblərini öz standartlarımızda, “Yol hərəkəti haqqında” Qanunda, müvafiq qaydalarda tətbiq etmək olar. Hərəkət iştirakçılarını qorumaq üçün konsepsiyada fərqli həllər var. Məsələn, şəhərdə yaşayış məntəqələrinə yaxınlaşdıqca xüsusi adacıqlar qoyula bilər. Sürücü artıq fiziki olaraq anlayır ki, yaşayış məntəqəsinə yaxınlaşır və sürəti müvafiq qaydada azaldır. Bu qaydada şəhərin daxilində işıqforlar, eynisəviyyəli keçidlər sürücülərin daha diqqətli olmasına gətirib çıxarır. Bu da öz növbəsində qəzaları minimuma endirir. Hətta qəza olarsa belə, insan itkisi olmadan, yüngül xəsarətlə qeydə alınar. Hədəfimiz insanları, hərəkət iştirakçılarını qorumaq, yol-nəqliyyat hadisələri zamanı ölüm hallarının azalması olmalıdır”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top