MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

taxil

Dünya taxıl qıtlığı ilə üz-üzədir

Qlobal buğda ticarətinin üçdə birindən çoxu, təxminən 35 faizi dünyanın əsas ərzaq ixracatçılarından hesab olunan Rusiya və Ukraynanın payına düşür

Ötən il dünyada baş verən kəskin iqlim dəyişmələri, sel və daşqın fəlakətləri, meşə yanğınları və qlobal istiləşmə su təminatında çətinlikləri artırmaqla, əksər kənd təsərrüfatı məhsullarının istehsalında azalmalara səbəb oldu. Beynəlxalq Taxıl Şurasının buğda istehsalı ilə bağlı 2021-ci ilə dair gözlənilən ümidverici proqnozları kəskin şəkildə aşağı düşdü, ən əsası ərzaqlıq buğda tədarükündə xeyli azalma baş verdi. Ötən il dünya üzrə təxminən 770 milyon ton ərzaq buğdası istehsalı proqnozlaşdırılsa da, faktiki istehsal bu göstərici 735 milyon tona düşdü. 2021-ci ildə taxıl və dənli bitkilərin istehsalının azalması ilə yanaşı, beynəlxalq nəqliyyat-logistika xərclərinin artması vəziyyəti daha da mürəkkəbləşdirdi. Belə ki, aprel-may aylarından etibarən dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi, iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin, xüsusilə də qida mallarının, o cümlədən taxıl və un məmulatlarının qiymətlərinin qalxmasına səbəb oldu. Yeri gəlmişkən, taxıl istehsalında əhəmiyyətli dərəcədə paya malik olan gübrə və digər mineralların qiyməti bir neçə dəfə bahalaşmışdır, təkcə gübrənin qiyməti də 3 dəfə qalxmışdır.

Sözsüz ki, bu faktorlar da qiymət dalğalanmalarında rol oynamışdır. Yaranmış vəziyyəti nəzərə alan iri taxıl ixracatçıları olan ölkələr ixrac həcmlərini azaltmağa və taxıla əlavə rüsumlar tətbiq etməyə qərar verdilər. ABŞ, Kanada, Avstraliya ixracda müxtəlif məhdudiyyətlər və kvotlarla yanaşı, “taxıl dempferi” adlanan ticarət qaydaları tətbiq etdilər. Rusiya hökuməti 2021-ci ilin fevral ayında buğda, qarğıdalı və arpa ixracında qiymətlərə yeni rüsumlar əlavə etməklə məhsulun satış qiymətinin artmasına səbəb oldu. Beləliklə, ötən il həm buğda istehsalının azalması, həm istehsal-tədarük xərclərinin artması, həm də ticarət daşınmalarında əlavə tariflərin tətbiqi taxıl və un məhsullarının kəskin şəkildə bahalaşmasına gətirib çıxardı.

Hazırda buğdanın bahalaşması rekord səviyyəyə çatıb. Buna başlıca səbəb Rusiya-Ukrayna müharibəsi göstərilir. Belə ki, əsas taxıl tədarükçülərindən olan Rusiya ilə Avropanın “taxıl anbarı” kimi tanınan Ukrayna arasında davam edən müharibə buğda qiymətini son ilin ən yüksək həddinə çatdırıb. Çikaqo birjasında buğda fyuçersləri 6 faizdən çox artaraq 14 ilin ən yüksək səviyyəsinə çatıb. Ukraynada müharibə başlayandan sonra buğda bazarı 40 faizdən çox artıb ki, bu da müşahidələr tarixində taxıl məhsulları üçün ən yüksək artım olub. Martın 7-də bazar 2008-ci ildən bəri maksimuma çatıb – 1 buşel 12,6 ABŞ dollarına və ya 1 kq 0,46 ABŞ dollarına bərabər olub. 2022-ci il martın 7-də qarğıdalı və soya kotirovkaları 2,7 faiz və 2,1 faiz artaraq müvafiq olaraq 7,75 dollar/buşel və 16,95 dollar/buşelə çatıb. Bu məhsulların qiymətləri 2012-ci ilin sentyabrından bəri ən yüksək səviyyədədir. Qeyd edək ki, Ukraynanın payına Rusiya ilə birlikdə qlobal buğda ticarətinin üçdə birindən çoxu, təxminən 35 faizi , günəbaxan yağı ixracının 80 faizi, yemlik qarğıdalının ixracının 19 faizi düşür.

Xatırladaq ki, daha əvvəl Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli Ukraynada baş verənləri “fəlakətin zirvəsindəki fəlakət” adlandırıb: “Yaxın Şərqə tədarük edilən buğda və taxılın yarısı Rusiya və Ukraynadan gəlir”. Davam edən hərbi əməliyyatlar fonunda iri alıcılar buğda tədarükünə dair tenderləri ləğv edirlər və gözləmə mövqeyi tuturlar. Çünki qeyd edildiyi kimi, Qara dənizdən və Azov dənizindən yükdaşımalarla bağlı mürəkkəb vəziyyət yaranıb. O cümlədən Qərbin sanksiyalarının təsiri ilə regionun əsas buğda istehsalçısı olan Rusiyada rublun devalvasiyası o deməkdir ki, fermerlər taxılı daha baha sata bilmək üçün əllərində saxlamağa üstünlük verir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Taxıl təklif və tələb Hesabatının son buraxılışında 2022-ci ildə taxıl istehsalının artacağını proqnozlaşdırır ki, bu da qıtlığın qarşısını almağa imkan verəcək. Bununla belə FAO-nun cümə günü yaydığı məlumatda qeyd olunur ki, proqnoz Ukraynadakı vəziyyətin potensial nəticələrini nəzərə almadan verilib. Proqnozlara görə, dünyada buğda istehsalı 790 milyon tona yüksələ bilər. “Şimali Amerika və Asiyada gözlənilən yüksək məhsuldarlıq və əkin sahələrinin genişləndirilməsi Avropa İttifaqındakı bir qədər azalmanı kompensasiya edəcək. 2021-2022-ci illər mövsümündə qlobal taxıl istehlakının ötən mövsümlə müqayisədə 1,5 faiz artaraq 2,8 milyon tona çatacağı gözlənilir. 2022-ci ilin sonunda taxıl ehtiyatlarının cüzi artımı proqnozlaşdırılır ki, bu da 836 milyon ton həcmində qiymətləndirilir”, – məlumatda bildirilir.

Sevinc Azadi, “İki sahil”

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top