Dövlət Məşğulluq Agentliyində Milli Məclisin bir qrup deputatı ilə görüş keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dövlət Məşğulluq Agentliyində Milli Məclisin bir qrup deputatı ilə görüş keçirilib

ECONOMİC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Milli Məclisin bir qrup deputatı ilə görüş keçirilib. Görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, millət vəkilləri Jalə Əliyeva, Razi Nurullayev, Erkin Qədirli, Elşad Mirbəşirov, Arzu Nağıyev, Könül Nurullayeva, Jalə Əhmədova, Şahin Seyidzadə və Kamal Cəfərov iştirak edib.

Agentliyin son bir ildə tam yenidən qurulduğunu bildirən İdarə Heyətinin sədri Mustafa Abbasbəyli görülən işlər, həyata keçirilən layihələr barədə görüş iştirakçılarına məlumat verib. Rəqəmsal məşğulluğa keçidlə əlaqədar artıq ölkə üzrə bütün vakansiyaların “Məşğulluq” altsistemində toplandığını, işəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikasının ləğv edilərək, bu prosesin elektron müstəviyə keçirildiyini, işsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesinin elektronlaşdırıldığını və elektron fərdi məşğulluq proqramının tərtibatına başlanıldığını bildirən M.Abbasbəyli ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidi üçün işlərin görüldüyünü də deyib. Qeyd edib ki, Agentlik tərəfindən yaradılan “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS ölkə üzrə vakansiya bankının daha təkmil şəkildə formalaşdırılmasına, işçi və işəgötürənlər arasında münasibətlərin elektron sistem üzərindən aparılmasına, ölkə üzrə akkreditasiya olunmuş elektron imza mexanizmindən istifadə etməklə əmək müqavilələrinin, kadr əmrlərinin elektron şəkildə tərtib olunmaqla imzalanmasına  imkan yaradacaqdır.

M.Abbasbəyli Agentlik tərəfindən ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, e-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə də işlər aparıldığını bildirib.

Görüşdə Milli Məclis üzvlərindən ünvanlanmış vətəndaş müraciətlərinin qeydiyyata alınıb araşdırılması, cavablandırılması, müraciətlərin həlli üçün müvafiq ərazi məşğulluq filiallarına verilmiş tapşırıqlar, filialların bu sahədə fəaliyyətinin analizi barədə müzakirələr aparılıb.

Qeyd edilib ki, vətəndaşlar tərəfindən edilən müraciətlərin böyük qismi özünüməşğulluq proqramı və iş ilə bağlıdır. Agentliyin yerli qurumları tərəfindən həmin müraciətlərin operativ şəkildə araşdırılaraq vətəndaşlara lazımi köməkliyin göstərilməsi, vətəndaş məmnunluğuna nail olmaq üçün birgə fəaliyyətin önəmi vurğulanıb.

Millət vəkilləri belə görüşlərin davamlı olaraq keçirilməsinin və sıx əməkdaşlığın müraciətlərin daha operativ araşdırılmasına və müsbət həllinə töhfə verəcəyini bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top