Dövlət Komitəsinin nümayəndə heyəti Tbilisidə bir sıra görüşlər keçirib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dövlət Komitəsinin nümayəndə heyəti Tbilisidə bir sıra görüşlər keçirib

Tbilisi, 12 iyun, AZƏRTAC

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxlığında görüş keçirib.

AZƏRTAC xəbər verir ki, Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor ilə görüş zamanı Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə diqqət çəkərək, dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən mitropolit Teodor bu səfərin əməkdaşlığın daha da dərinləşməsinə xidmət göstərəcəyinə əminliyini bildirib.

Görüşdə din sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Tbilisidəki Cümə məscidində də olub. Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Gürcüstan Müsəlmanlar İdarəsinin din xadimləri ilə görüşüb, məscidə Azərbaycan dilində nəşr olunmuş “Qurani-Kərim” hədiyyə ediblər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişafında dini qurumların rolu ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın malik olduğu nümunəvi multikulturalizm və tolerantlıq modeli, ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edən R.Məmmədov Prezident İlham Əliyevin dini sahəyə daim diqqət və qayğı göstərdiyini, bu münasibət sayəsində nümunəvi birgəyaşayış mühitinin daha da möhkəmləndiyini vurğulayıb. Komitə sədri Gürcüstandakı həmvətənlərimizin azərbaycanlı kimliyinə, milli-mənəvi dəyərlərə bağlılığının, bu dəyərlərin qorunub saxlanılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyəti Tbilisidəki Botanika bağında görkəmli azərbaycanlıların dəfn olunduğu panteonu da ziyarət edib. Nümayəndə heyətinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları – Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, böyük ədiblər – Mirzə Fətəli Axundzadə və onun ailə üzvləri, Mirzə Şəfi Vazehin məzarları üzərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top