MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

dollar kredit

Deputat: “Banklar öz əhalimizi kredit əməliyyatları altında soyurlar”.

Azərbaycanda banklara kredit borcu olanların sayı-hesabı dəqiq bilinmir. Ekspertlər bildirirlər ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Bu sırada az qala hər təbəqədən olan insanlar var. Elə deputatlar da…

Milli Məclisdə keçirilən müzakirələr zamanı millət vəkillərinin əksəriyyəti vaxtaşrı bankları tənqid edərək, kreditlərin faiz dərəcələrinin yüksək olmasından şikayətlənirlər. Deputatlar dəfələrlə bu məsələni parlament tribunasından da səsləndiriblər.

Bəs Milli Məclisin üzvlərindən kimlərin kredit borcu var?

Economic.Az bildirir k, bununla bağlı Modern.az saytı bir neçə deputat ilə əlaqə saxlayıb.

Tahir Kərimli deyib ki, uzun illərdir ki, banka kredit borcu var: “Mənim hazırda 11-12 min dollar kredit borcum qalıb. Ümid edirəm ki, qalmış borcumu ödəyəcəm”.

Çingiz Qənizadənin hazırda kredit borcu yoxdur:

“Əvvəllər kredit götürmüşəm və onu bağlamışam. Amma hər zaman kredit götürməkdən qorxmuşam. İndiki kredit borcu olanların da halına çox acıyıram. Xüsusilə də dollarla kredit götürmüş insanların. Belə demək mümkünsə, banklar öz əhalimizi kredit əməliyyatları altında soyurlar. Bu gün bir yazı ilə tanış oldum. Orada yazılmışdı ki, bir şəxs 3 min dollar kredit götürüb, sonra fazini 15-16 min manata yaxın ödəməyə məcbur olub. Bu çox acı bir xəbər idi. Şükür ki, mənim kredit borcum yoxdur. Olanlara da arzu edirəm ki, Allah o kreditləri bağlamaq üçün onlara ruzi yetirsin”.

Vahid Əhmədov kredit götürməyi düşünmədiyini qeyd edib: “Heç vaxt kredit götürməmişəm. Götürmək fikrim də yoxdur. Kredit götürməyi də məqbul saymıram. Kredit borcdur, qaytarmalısan”.

Rüstəm Xəlilov da heç vaxt kredit götürmədiyini bildirib: “Mən ümumiyyətlə kredit götürməmişəm”.

Elman Məmmədovun da hazırda kredit borcu yoxdur: “Mən əvvəllər kredit götürmüşəm. Onu da maşın almaq üçün götürmüşdüm. Artıq həmin kredit borcumu ödəmişəm. Hazırda isə kredit borcum yoxdur”.

Məlahət İbrahimqızı deyir ki, o da heç vaxt kredit götürməyib:

“Çünki kredit götürməyi xoşlamıram. Mənim həmişə gücüm nəyə çatırsa, onu edirəm. Gücüm çatmayan işin isə altına girmirəm. İnsan heç vaxt gücü çatmayan şeyi etməməlidir. Baxmayaraq ki, deputatların maaşı mövcud maaşlara nisbətən yüksəkdir. Amma bu gün kredit götürdüm, sonra başıma bir iş gəldi onu ödəyə bilmədim…

Mənim düşüncəmə görə, heç kəs deyə bilməz ki, sabah nə olacaq. Bəzən insanlar fikirləşir ki, bunu edim və bir aydan sonra yüz min qazanacam. Amma çox az adamlar düşünür ki, bəlkə bir aydan sonra yüz min ziyana düşəcəm. Ona görə də mənim heç vaxt kredit götürməklə aram yoxdu. Nəyisə almağa pulum çatırsa, onu da alıram”.

Mənbə : modern.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top