MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ipoteka-ev

Daha çox insana mənzil sahibi olmaq imkanı verilir

Vüqar Oruc: “Şərtlər yumşaldıqca, mənzil əldə edən şəxslərin də sayı artacaq” Rəşad Əliyev: “Dəyişiklik sosial xarakter daşıyır və sosial ipoteka alanlara daha az ilkin ödəniş etməklə ev almağa imkan verir”

Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Edilmiş dəyişikliyə əsasən güzəştli ipoteka krediti yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcək.

Mütəxəssislərin fikrincə, qərar mənzil bazarında canlanma yaradacaq. Ən əsası, əhalinin aztəminatlı hissəsinin mənzillə təminatını asanlaşdıracaq.  “Koneko” Group MMC daşınmaz əmlak qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirdi ki, əvvəllər banklar ilkin ödənişi ümumi kredit məbləğindən azad edə bilirdilər: “Qalan hissəsi isə kredit formasında ayırırdılar. Bu fərmandan sonra isə 10 faiz civarında konkret sərhədlər müəyyən olunur. Çünki 40 faizə qədər ilkin ödəniş alan banklar var idi. Bundan sonra banklar öz mövqelərinə düzəlişlər edəcəklər.
Ümumiyyətlə, son zamanlar verilən qərarlar ölkənin daşınmaz əmlak bazarında canlanmasına, ayrı-ayrı sosial təbəqələrin ehtiyaclarının ödənilməsinə yönəlib. Bu da reallaşarsa, böyük uğurdur. Şərtlər yumşaldıqca, mənzil əldə edən şəxslərin də sayı artacaq. Son nəticədə daşınmaz əmlak bazarında canlanması qaçılmazdır. Ümumiyyətlə, bir ölkəninin daşınmaz əmlak bazarında aktivlik artırsa, bu, onun iqtisadi inkişafının göstəricisi, ya da müjdəçisidir. Əgər şərtlər yüngülləşdirilirsə, həm əhalinin aztəminatlı hissəsinin mənzillə təminatına müsbət təsir göstərəcək, həm də daşınmaz əmlak bazarında canlanma yaradacaq. Lakin verilən qərarlardan əlavə, onların icrası da mühüm amildir. Dövlət İpoteka Fondu, həm də Dövlət Mənzil Agentliyi həmin qərarların icrasını tam şəffaf həyata keçirməlidirlər. Bürokratik əngəllər olmamalıdır ki, məqsəd yerinə yetirilmiş olsun. Məqsəd əhalinin aztəminatlı hissəsinin mənzillə təmin olunmasıdır”.
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirdi ki, dəyişikliyə əsasən, bundan sonra güzəştli ipoteka ilə mənzil alanlar 10% ilkin ödəniş edəcəklər: “Əvvəlki qaydalara əsasən, ilkin ödəniş məbləği 15% təşkil edirdi. Bu məbləğdən artıq ödəniş etmək istəyənlər yenə  də əvvəlki kimi rəsmi müraciət etməli olacaqlar. Adi ipoteka kreditləri üzrə ilkin ödənişin həcmi isə əvvəlki kimi 15-25% qalır.
Ən mühüm dəyişikliklərdən biri odur ki, əvvəlki qaydalara əsasən, kredit mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməli idi. Bundan sonra kredit eyni zamanda qabaqcadan qeydiyyat sənədi əsasında verilə bilər.  Əlavə dəyişikliklərdən biri də odur ki, ipoteka kreditləri Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli evlərin alınmasına verilirdi. Əvvəlki qaydalara əsasən kredit ancaq təmirli evlərə verilə bilərdi. Ancaq bundan sonra adıçəkilən aktlarla qaydalar nəzərdə tutula bilər ki, onlara əsasən kredit təmirsiz evlərə verilə bilər”.
Rəşad Əliyev əlavə etdi ki, yuxarıda qeyd edilən birinci dəyişiklik sosial xarakter daşıyır və sosial ipoteka alanlara daha az ilkin ödəniş etməklə ev almağa imkan verir: “Sonrakı 2 dəyişiklik isə İpoteka Fonduna kreditləşmə sahəsində manevr imkanları yaradır. Məsələn, tikintisi başa çatmayan evlərin alınmasına kreditin verilməsi kimi imkan yaradır. Bunun üçün isə müvafiq normativ akt olmalıdır”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top