MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

market

COVID-19 xərclərimizə necə təsir edib?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 milyard 245,7 milyon manatlıq, o cümlədən 9 milyard 729,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 milyard 516 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1,8 dəfə çox olub.

Göründüyü kimi, COVID-19 pandemiyası və onunla mübarizə tədbirləri əhalinin istehlakından da yan keçməyib. Belə ki, karantin tədbirlərindən irəli gələrək əhalinin ümumi xərcləmələrində azalma olsa da bu, ərzaq, içki və tütün məhsullarından yan keçib. Nəticədə ərzaq xərcləri 3,4 faiz, içki və tütünə xərcələnən vəsait isə 0,6 faiz artıb.

Ümumilikdə isə əhali bu dövrdə ən çox əczaçılıq və tibbi ləvazimat xərclərini artırıblar. Belə ki, 6 ay ərzində bu istiqamətdə xərclərin 34,5 faiz artması  əhalinin özbaşına COVID-19-a qarşı profilaktiki tədbirlər görmələri, eyni zamanda, ev şəraitində müalicələrdən irəli gələ bilər. Digər tərəfdən ölkədə kölgə iqtisadiyyatı ilə mübarizə davam edir və bu sektorda dövriyyələrin leqallaşdırılması əhalinin əczaçılıq və tibbi ləvazimatla bağlı  xərclərinin statistikasına təsirini göstərir.

İstehlakı azalan məhsullara gəlincə, burada ilk yerdə toxuculuq məhsulları, geyim və ayaqqabılar gəlir. 6 ayda əhali belə xərclərini 19,4 faiz azaldıb. Bundan başqa, elektrik malları və mebellərinə çəkilən xərc 5,9 faiz, kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 0,5 faiz, avtomobil benzini və dizel yanacağına 0,2 faiz azalıb.

Rəsmi statistikaya görə, yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Bununla da ötən ilin eyni dövrünə nisbətən ərzaq məhsullarına xərclənən vəsait 3,1 faiz-bənd, içkilər və tütün məmulatlarına 0,4 faiz-bənd, əczaçılıq məhsulları və tibbi ləvazimatlara 0,4 faiz-bənd artdığı halda, toxuculuq məhsulları, geyim və ayaqqabılarına 3,3 faiz-bənd, elektrik malları və mebellərə 0,4 faiz-bənd, avtomobil yanacağına 0,1 faiz-bənd azalıb. Kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının əhalinin  xərclərindəki nisbəti (0,8 faiz) isə dəyişməz olaraq qalıb.

Cari ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 23,5 faizi ticarət müəssisələri, 50,4 faizi fərdi sahibkarlar tərəfindən, 26,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1 faiz, fərdi sahibkarlar üzrə 0,7 faiz artıb, bazar və yarmarkalarda isə 17,2 faiz azalıb. Bununla da COVID-19-la mübarizədən irəli gələn məhdudlaşdırıcı tədbirlər əhalinin bazar və yarmarkalardan onsuz da azalmaqda olan alış-verişinin daha da azalmasına səbəb olub.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları alıb. Müqayisə üçün deyək ki, ötən birinci yarısında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları almışdı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top