Co Bayden: ABŞ Culian Assanja qarşı ittihamların ləğv edilməsi məsələsini nəzərdən keçirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Co Bayden: ABŞ Culian Assanja qarşı ittihamların ləğv edilməsi məsələsini nəzərdən keçirir

Co Bayden: ABŞ Culian Assanja qarşı ittihamların ləğv edilməsi məsələsini nəzərdən keçirir

London, 11 aprel, AZƏRTAC

ABŞ Avstraliya hökumətinin tələbindən sonra “Wikileaks”in qurucusu Culian Assanja qarşı ittihamları ləğv etmək məsələsini nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Jurnalistlər ABŞ Prezidentindən Avstraliya hökumətinin tələbindən sonra Culian Assanja qarşı ittihamların ləğv edilib-edilməyəcəyini soruşublar. Prezident “bunu nəzərdən keçiririk” deyə cavab verib.

Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlərin, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, habelə Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hökuməti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top