“Cənnət adası”ndan REPORTAJ - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Cənnət adası”ndan REPORTAJ

Min illərlə insanlığa qucaq açmış, az qala hər nöqtəsi tarix qoxan, dənizinin açıq mavisi, günəşinin sarısı, endemik bitkiləri, rəngarəng gülləri ilə göz oxşayan bir ölkə. Sahib olduğu gözəlliklər onu turistlərin özəlliklə gəldiyi makanlardan birinə çevirib. Təyyarə ilə İstanbula, oradan isə Kuzey Kıbrısa yollandıq. Bura birbaşa uçuş yalnız Türkiyə ərazisindən mümkündür.

“Cənnət ada”sı…

Şimali Kipr Türk Cümhuriyyəti və ya Şimali Kipr… Aralıq dənizinin böyüklüyünə görə üçüncü adası… Müstəqilliyini elan etdikdən sonra Türkiyə tərəfindən hər cür siyasi, iqtisadi və hərbi dəstək alan bir ölkə. Şimali Kipri (KKTC) Türkiyədə “Yavru Vətən”, “Yaşıl ada” və ya “Cənnət ada”sı deyə də adlandırırlar. Aralıq dənizi iqlimində yerləşdiyindən bu ölkədə çox da yağış yağmır. Adətən isti və quru hava iqliminə malikdir. İnsanları da istiqanlıdır. Küçələrin həddindən artıq səssiz olması və hər tərəfdə göz oxşayan rəngarəng güllər adada olduğumuz 5 gün ərzində diqqətimizi çəkən məqamlardan oldu. Başqa sözlə desək, insanları istiqanlı olduğu qədər, kübar və təbiətsevərdirlər. Şimali Kiprin ən gözəl və əhəmiyyətli yerləri isə paytaxt Lefkoşa, Girnə, və Gazimağusadır.

Kafedral necə cami oldu?

Paytaxtda bir sıra tarixi abidələr var ki, onlardan biri də Selimiye camisidir. Adanın simvollarından biri olan Selimiye məsçidinin tarixi 1208-ci ilə uzanır. O zaman burda bir kafedralın inşasına qərar verilir. Parisdəki Noterdam kafedralının bir oxşarı yaradılır. İnanmaq çətin olsa da inşa işləri 118 il davam edir və 1326-cı ildə ziyartətə açılır. Osmanlının fəthindən sonra kafedralda minarələr ucaldılır və burda artıq müsəlmanlar dini ayinlərini icra edirlər. Məsçid, adanı fəth edən Osmanlı padşahı ikinci Səlimin adını daşıyır. Bu minarələrdən 5 əsirdir azan səsi yüksəlir.

500 il öncə verilən mesaj…

Şəhəri ziyarət edən hər kəsin diqqətini çəkən önəmli yerlərdən daha biri. Tarixi Sarıyönü meydanıdır. Meydanın mərkəzində yer alan Venedik sütununun ilk baxışda xüsusi özəlliyi yoxdur. Amma yerli əhali və turistləri cəlb edən əsas bir məqam var. O da sütunun yuxarısında təxminən 500 il öncə yazılan bir yazıdır. Tərcüməsi belədir: Buranın insanı özlərini gözəllik və zənginılik içərisində deyil, pozulmayan inanc içində görürlər.

101-ci otağı hələ də axtarırlar…

Kuzey Kıbrısda Sent Hilaryon qalası, ilin 4 fəsli turistlərin diqqət mərkəzindədir. Onu Əziz Hilaryon qalası da adlandırırlar. Bu tarixi məkana 101 evlər də deyirlər. Deyilənə görə, burda 101 otaq olub. Amma məhz 101-ci otağı gördüm deyən yoxdur. Elə təkcə bu fakt Sent Hilatyonun əsrarəngizliyini vurğulamaq üçün bəs edir. Beşmarmaq dağları üzərində ucaldılan Sent Hilaryon Qalası ada sakinlərini mümkün hücumlardan qorumaq və bununla bağlı xəbərdarlıq edilməsi məqsədi ilə inşa olunub. Dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən bu tarixi məkan həm də özünəməxsus flora, faunası ilə fərqlənir.

Akdeniz sahillərində, tarixi xarabalıq

Dəniz kənarında bir məkan düşünün. Hər kvadratmetri əsrlərə, tarixi hadisələrə şahidlik edən, zəlzələ və digər fəalkətlərə baxmayaraq, divarları hələ də müasir insana 10 əsr öncə haqqında məlumat verən bir məkan. Söhbət, Kuzey Kıbrısa gələn turistlərin daha çox üz tutduğu Selamis harabelərindən gedir. Araşdırmalar göstərir ki, Selamisin tarixi 11-ci əsrə qədər uzanır. Bugünə qədər qalan bu tikinti qalıqlarının əksəriyyəti Roma dövrünə məxsusdur. Bizans imperatorluğu dövründə isə şəhər yenidən inşa olunub.

Özəl təkliflər…

Bu adada tarixi məkanları, tikililəri saymaqla bitməz. Karvansaralar, Muzeylər, Məsçidlər, qədim hamamlar və sair. Kuzey Kıbrısda həm də gözəl qolf məkanı var. Qapılarını ziyarətçilərin üzünə 2007-ci ildə açan Korineum Qolf klubunun müxtəlif ölkələrdən yüzlərlə üzvü var. Belə bir məkanın olması həm turistlərin cəlb edilməsi, həm də iqtisadi mənfəət əldə edilməsi baxımından önəmlidir. Burda beynəlxalq qolf turnirləri də təşkil edilir. Hətta Kuzey Kıbrısda belə deyirlər, Qolfla 12 ay turizm. Kuzey Kıbrısın 4 güclü firmasının təməlini qoyduğu yeni layihə isə adada olduğu kimi, digər ölkələrdə də böyük marağa səbəb oldu. Bugünlərdə tanınmış iş adamları, media nümayəndələrinin iştirakı ilə təqdim edilən “Four Seasons Life” layihəsi müştərilərinə dənizə sıfır məsafədə, çoxunun xəyal etdiyi, 4 mövsüm lyuks həyat tərzini təqdim edir. 420 binadan ibarət meqa layihəni xəyalların gerçəkləşdiyi məkan kimi də qiymətləndirmək olar. Aralıq dənizi sahilində otel komfortu ilə mənzil sahibi ola bilərsiniz. Layihənin 2021-ci ildə tam təhvil verilməsi nəzərdə tutulub.

Yunan Kiprinə keçid…

Kipr 9.251 km²-lik ərazisi ilə Aralıq dənizinin şimal şərqində yerləşir.
1974-cü ildə başladılan Kipr Hərəkatının nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 15 Noyabr 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti müstəqilliyini bəyan edib. Kiprin yunan və türk liderləri 1974-cü ildən bəri ayrılan adanı briləşdirmək üzərində razılıq əldə etmək üçün danışıqlar aparırlar. Şimali Kiprlə Cənubi Kipr arasında sərhəd keçid məntəqəsi isə fotoda gördüyünüz kimi, çox sadə formadadır. Şəhərdə gəzirsən və xarici pasportunu göstərib, keçirsən qarşı tərəfə. AMMA Tükiyə Cümhuriyyəti vətəndaşları istisnadır. Onlar yalnız Yunanıstanın paytaxtı Afinaya getdikdən sonra, oradan Cənubi Kiprə VİZA əldə edə bilərlər.

Dəyişən, inkişaf edən, turistlərin axın etdiyi “Yavru Vətən”dən bu qədər. Amma unutmayın, bütün bunlar Kuzey Kıbrısda olan gözəllilklərin yalnız bir hissəsidir.

Elnur Niftəliyev,
Jurnalist, Filologiya Üzrə Fəlsəfə Doktoru

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top