Bu il Balakəndə 550 hektar sahədə tütün əkiləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu il Balakəndə 550 hektar sahədə tütün əkiləcək

Bu il Balakən rayonunda tütün əkini sahələrinin 50 hektar artırılaraq 550 hektara çatdırılması nəzərdə tutulur. Artıq fermer təsərrüfatlarında tütün şitillərinin yetişdirilməsi məqsədilə sadə istixanaların hazırlanması işlərinə də başlanılıb. Tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.

Economic.az bildirir ki, bu barədə AZƏRTAC-a Balakən Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Məmməd Şərifov məlumat verib.

Uzun fasilədən sonra ötən il Balakən rayonunda yenidən tütün əkininə başlanılıb. 2016-cı ildə rayonda 501 hektar sahədə “İtiyarpaq” və “Virciniya” tütün sortları əkilib. Balakənli fermerlər keçən il 1150 ton yaşıl tütün kütləsi və 96,3 ton quru tütün istehsal ediblər.

Azərbaycan Prezidenti tərəfindən son dövrlər tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən davamlı və məqsədyönlü tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması balakənli fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub.

Rayonun Talalar kəndindən olan fermer Nüsrət Əsgərov əsasən qarğıdalıçılıqla məşğul olsa da, keçən il ilk dəfə 5 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib. Fermer bildirib ki, ötən il sahələrdən 50 ton yaşıl tütün kütləsi əldə edib. Tütünçülüklə ilk dəfə məşğul olduğundan məhsuldarlıq nisbətən zəif olub. Lakin bu, fermeri ruhdan salmayıb. O, bu il yenə də 5 hektar sahədə tütün əkməyi planlaşdırır. Fermer cari mövsümdə sahələrdən daha çox məhsul götürəcəyinə əmindir.

Qeyd edək ki, onun həmkəndlisi Elman Rəcəbov da bu il ilk dəfə 5 hektar sahədə tütün yetişdirməyi düşünür. O, bu işdə təcrübəli həmkəndlilərinə arxalanır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top