MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

UEFA

Bu gün UEFA Millətlər Liqasına start veriləcək

Sentyabrın 6-da UEFA-nın yeni təsis etdiyi qitə miqyaslı yeni futbol turnirinə – Millətlər Liqasına start veriləcək.

Turnirin açılış oyunu Azərbaycan milli komandasının da yer aldığı “D” liqasında baş tutacaq. Qazaxıstan millisi “Astana Arena”da Gürcüstan yığmasını qəbul edəcək. Azərbaycan yığma komandası isə sentyabrın 7-də Bakıda Kosovo millisi ilə üz-üzə gələcək.

UEFA Millətlər Liqasının formatı və reqlamenti 2014-cü il dekabrın 4-də təsdiqlənib. Millətlər Liqasında çıxış edən 55 milli komanda hər birində dörd qrupun olduğu dörd liqada (“A”, “B”, “C”, “D”) mübarizə aparacaq. “A” liqasında UEFA-nın milli komandaların reytinq siyahısında ilk 12 sırada qərarlaşan yığmalar yer alıblar. Belə ki, bu liqada Almaniya, Portuqaliya, Belçika, İspaniya, Fransa, İngiltərə, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya və Niderland yığmaları hər birində üç komanda olan dörd qrupda yarışacaqlar.

UEFA-nın reytinq siyahısında 13-24-cü yerlərdə qərarlaşan digər 12 komanda – Avstriya, Uels, Rusiya, Slovakiya, İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina, Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə “B” liqasında hər birində üç millinin olduğu dörd qrupda mübarizə aparacaq.

On beş komandanın yer aldığı “C” liqasında UEFA reytinqində 25-39-cu yerlərdə qərarlaşan komandalar – Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya, Yunanıstan, Serbiya, Albaniya, Norveç, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva milliləri yer alıblar. Bu liqada üç qrupda dörd, bir qrupda isə üç komanda yarışacaq.

“D” liqasında isə UEFA-nın reytinq siyahısında 40-55-ci sıralarda yer alan 16 komanda hər birində dörd yığmanın olduğu dörd qrupda qarşılaşacaq. Bu liqada Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan, Ermənistan, Latviya, Farer adaları, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Andorra, Kosovo, San-Marino və Cəbəllütariq yığmaları yer alıblar. “D” liqasında Azərbaycan milli komandasının rəqibləri Farer Adaları, Malta və Kosovo yığmalarıdır.

UEFA Avropa Liqasının qrup mərhələsinin görüşləri 2018-ci ilin sentyabr, oktyabr və noyabr aylarında oynanılacaq. Komandalar ev və səfər oyunlarında qarşılaşacaqlar. “B”, “C”, “D” liqalarında qruplarda lider olan komandalar bir üst liqalara vəsiqə qazanacaqlar. “A”, “B” və “C” liqalarında isə qruplarda sonuncu yerləri tutan komandalar aşağı liqalarda mübarizə aparmalı olacaqlar.

“A” liqasındakı dörd qrupun hər birinin qalibləri 2019-cu ilin iyununda keçiriləcək yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinalda qalib gələn komandalar finalda UEFA Millətlər Liqasının qalibi adı uğrunda qarşılaşacaqlar. Uduzan komandalar isə üçüncü yer uğrunda görüşdə üz-üzə gələcəklər.

UEFA Millətlər Liqası yığma komandalara 2020-ci il Avropa çempionatının təsnifat mərhələsi üçün ikinci şans təqdim edir. Belə ki, dörd liqanın hər birindəki qrupların qalibi olan 16 komanda “Avro-2020”nin qrup mərhələsinə dörd vəsiqə uğrunda yarışacaq. Bu yarışda qalib gələrək “Avro-2020”nin qrup mərhələsinə yüksələn dörd komandadan biri əgər Avropa çempionatının ənənəvi qaydada keçirilən təsnifat mərhələsində də qrupda birinci yeri tutarsa, o komandanı həmin liqada ən yaxşı nəticə göstərən ikinci yığma əvəzləyəcək.

UEFA İcraiyyə Komitəsinin qüvvədə olan qərarına əsasən, ölkələr arasındakı münasibətlərə görə Azərbaycan və Ermənistan, eləcə də Rusiya ilə Ukrayna milliləri eyni qrupa düşməyiblər. Lakin bu ölkələrin yığma komandaları play-off mərhələsində üz-üzə gələ bilərlər.

UEFA-nın reqlamentinə görə, qruplarda iki və ya daha çox komandanın xallarının bərabər olması halında komandaların qrupdan play-off mərhələsinə çıxması onların aralarında oynadığı görüşlərdə qazandıqları xal, top fərqi, qol sayı və səfər vurulan top əsasında müəyyənləşəcək. Bundan başqa, “Fair-play” qaydalarına əməl etmə və UEFA-nın milli komandalarının reytinq cədvəli də bu məsələyə təsir edəcək.

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında “D” liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo yığmaları ilə birlikdə yer alıb. Bu liqanın 1-ci qrupunda Andorra, Gürcüstan, Qazaxıstan, Latviya, 2-ci qrupunda Belarus, Lüksemburq, Moldova və San-Marino yığmaları qərarlaşıblar. Liqanın sonuncu – 4-cü qrupunda isə Ermənistan, Makedoniya, Cəbəllütariq, Lixtenşteyn yığmaları yer alıblar.

Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun yetirmələri UEFA Millətlər Liqasında ilk oyunda Kosovo millisi ilə üz-üzə gələcəklər. Görüş sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı saat 20:00-da başlayacaq. Oyunu norveçli referi Ola Hobber Nilsen idarə edəcək. Ona Harald Qronevik, Oskar İsaksen və Simon İtterland kömək edəcəklər. Espen Andreas Eskas və Tom Harald Haqen əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Portuqaliyalı Lusilio Kardozo Kortez Batista matçın hakim-inspektoru, hollandiyalı Martin Sturkenbum isə UEFA nümayəndəsi olacaq.

Matç “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top