MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Şahin Mustafayev iclas

Bu gün İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilmişdir. FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilmişdir.
Economic.az Nazirliyin saytına istinadən xəbər verir ki, əvvəlcə kollegiya iclasının iştirakçıları cəbhə xəttində baş vermiş son hadisələr zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Dövlət başçısının 2016-cı ilin islahatlar ili olacağını bəyan etdiyini vurğulayan iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev bu istiqamətdə həyata keçirilən tədbirlər və bu ilin birinci rübünün əsas sosial-iqtisadi göstəriciləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, regional və qlobal səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri davam etmişdir ki, bu da bəzi iqtisadi göstəricilərdə əksini tapmışdır. Bununla belə, yaradılmış böyük iqtisadi potensial və aparılan iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların, eləcə də ixracın təşviqi, idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər sayəsində bu ilin birinci rübündə xarici amillərin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimuma endirilməsi mümkün olmuşdur. Belə ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində 2016-cı ilin biribnci rübündə qeyri-neft sənayesi, kənd təsərrüfatı və bir sıra digər sahələrdə, eləcə də orta aylıq əmək haqqında artım davam etmiş, 37 min yeni iş yeri yaradılmışdır. Vurğulanmışdır ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və kollegiya-16-04-2016-2qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən ilin yekunlarına görə iqtisadi artıma nail olmaq vəzifə kimi qarşıya qoyulmuşdur. Bununla yanaşı, dövlət başçısı qeyri-neft sektorunun inkişafı və ixracın strukturunda bu sahənin xüsusi çəkisinin artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafı, xarici sərmayələrin cəlb edilməsi, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, regionlarda ümumi dəyəri 2 milyard manata yaxın olan layihələrin icrası, rayonlarda sənaye zonalarının yaradılması, qazlaşdırma, elektrik və su təchizatının yaxşılaşdırılması, kənd yollarının tikintisi, yeni iş yerlərinin açılması və işsizlik səviyyəsinin aşağı salınması, nəqliyyat dəhlizləri üzrə işlərin davam etdirilməsi, tranzit yüklərin cəlb edilməsi üçün səmərəli tarif siyasətinin aparılması və s. tapşırıqlar vermişdir.
Kollegiya iclasında Şahin Mustafayev qeyd etmişdir ki, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesində müasir və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilmişdir. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər davam etdirilir. 3-ü bu ilin birinci rübündə olmaqla, 7 şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir ki, bu rezidentlərin layihәlәri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 mlrd. ABŞ dolları tәşkil edəcəkdir. Bu yaxınlarda daha bir neçə şirkətin rezidentliyə qəbul edilməsi məsələsinə baxılacaqdır.
kollegiya-16-04-2016-3Eyni zamanda, yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır, ənənəvi sənaye sahələrinin, o cümlədən xalçaçılığın inkişafı məqsədi ilə tədbirlər həyata keçirilir. Bundan başqa, Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlər görülür.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, məhsuldarlığın artırılması, istifadəsiz torpaq sahələri ilə bağlı tədbirlərin görülməsi, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün və çayçılığın inkişafı istiqamətində bir sıra tapşırıqlar verilmişdir. Nazir Şahin Mustafayev bu tapşırıqların icrası istiqamətində görülən işlər barədə məlumat vermiş və diqqətə çatdırmışdır ki, ənənəvi sahələrdən olan pambıqçılığın və tütünçülüyün inkişaf etdirilməsi məqsədilə stimulaşdırma tədbirləri həyata keçirilir, bu sahədə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, fermerlərdən pambıq və tütünün alış qiyməti artırılmışdır. Bundan başqa, pambıq və tütün, eləcə də digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların problemləri və təklifləri öyrənilir. Hazırda bu təkliflərin reallaşdırılması üçün tədbirlər görülür. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.
Aparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərindən danışan Şahin Mustafayev sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunmasının özəl sektorun inkişafında mühüm əhəmiyyətini qeyd etmiş, bu sahədə görülən işlər müzakirə olunmuşdur.
Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar paketinin əsas istiqamətlərindən olan ölkədə investisiya fəaliyyətinin genişləndirilməsində “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının mühüm əhəmiyyəti vurğulanmışdır. Qeyd olunmuşdur ki, investisiya təşviqi sənədinin verilməsi qaydalarının layihəsi artıq hazırlanmş və aidiyyəti üzrə təqdim edilmişdir. Bu tədbirlər sahibkarlar tərəfindən ölkə iqtisadiyyatına, o cümlədən regionlara yeni investisiyaların cəlb olunmasını daha da stimullaşdıracaqdır. Nazir Şahin Mustafayev həmçinin, dövlət başçısının “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə İqtisadiyyat Nazirliyi qarşısında bir sıra mühüm vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırmışdır.
Qarşıdakı dövrdə ekoloji məsələlər də prioritet istiqamətlərdən biri olaraq qalacaqdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, Böyükşor gölünün təmizlənməsinin ikinci mərhələsinə başlanılacaqdır.
Sonra Nazirliyin əlaqədar struktur bölmələrinin rəhbərləri hesabat məruzələri ilə çıxış etmişlər. Qeyri-neft ixracının artırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat verən Ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə mexanizminə, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsinə və s. qaydaların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Hazırda logistik imkanların genişləndirilməsi məqsədi ilə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində Azərbaycanın növbəti Logistik Mərkəzinin yaradılmasına dair işlər aparılır.
Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov məruzəsində sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, lisenziyalaşdırma sisteminin tətbiqindən sonra 946-sı 2016-cı ilin I rübündə olmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 1344 lisenziya verilmişdir. Hazırda elektron lisenziya portalının yaradılması istiqamətində tədbirlər davam etdirilir və portalın istifadəyə verilməsi ilə lisenziyaların və icazələrin verilməsi prosesi tamamilə elektronlaşdırılacaq, vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsinin təmin edilməsi mümkün olacaqdır.
Bundan başqa, Nazirliyin “Sahibkarlara Dəstək” Məlumat səhifəsi (sahibkar.economy.gov.az) yaradılmışdır. Məlumat səhifəsində yerləşdirilən yeni informasiya və məlumatlar qeydiyyatdan keçmiş 1600-dən artıq sahibkara elektron qaydada dərhal göndərilir. Bununla yanaşı,Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2016-cı ilin I rübü ərzində 20 treninq, seminar, dəyirmi masa və s. keçirilmişdir və maarifləndirici tədbirlər davam etdirilir.
İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının iclasları keçirilmiş, şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları, şikayətlərə baxılması reqlamenti təsdiq edilmişdir. Hazırda sahibkarların Apellyasiya Şurasına daxil olmuş müraciətləri araşdırılır.
Sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, daha əlverişli biznes mühitinin yaradılması üçün beynəlxalq təşkilatların tövsiyəsinə uyğun olaraq işlər davam etdirilir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf məruzəsində sənaye məhəllələrinin yaradılması üzrə görülən işlərə dair məlumat vermişdir. Bildirilmişdir ki, Neftçala Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Sahibkarlar tərəfindən Azərbaycan İnvestisiya Şirkətinə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilmişdir və ilkin mərhələdə 7 layihə icra olunacaqdır. Hazırda Masallı, Ağdam, Füzuli, Lənkəran, Şabran və Şəmkir rayonlarında da sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. Artıq Masallı, Ağdam və Füzuli rayonlarında sənaye məhəlləsinin yaradılması təklif edilən əraziyə baxış keçirilmiş, müvafiq inftrastrukturla təmin olunma imkanları araşdırılmış, sahibkarlarların təklifləri öyrənilmişdir.
Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar vermiş, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top