Biləsuvar pambıq istehsalı üçün proqnoz verdi! – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Biləsuvar pambıq istehsalı üçün proqnoz verdi!

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr Biləsuvar də geniş müzakirə olunub.

Aidiyyəti idarə, müəssisə, təşkilat, pambıq emalı zavodları rəhbərlərinin, icra nümayəndələrinin, kənd təsərrüfatı mütəxəssislərinin, mülkiyyətçilərin və bələdiyyə nümayəndələrinin iştirak etdiyi müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, Biləsuvarda kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz müsbət nəticələrini verir, rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, ənənəvi və əməktutumlu sahə olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir.

İcra hakimiyyətinin başçısı pambıqçılığın inkişafı məsələsinə həsr olunan respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn konkret vəzifələrdən danışaraq qeyd edib ki, ötən il rayonda 6 min 40 hektar sahədə pambıq əkilib və 12 min ton məhsul istehsal olunub. Məhsuldarlıq orta hesabla hər hektarda 20 sentnerə çatıb. Ötən il rayonda pambıq əkinin genişləndirilməsi nəticəsində 12 min nəfər işlə təmin olunub və pambıq tədarükündə ailə üzvlərinin sayı 4 min nəfərə çatıb, 800 nəfər mülkiyyətçi 2,4 milyon manat gəlir əldə edib.

Vurğulanıb ki, 2016-cı ildə məhsul toplanışına və tədarükünə görə rayonun respublikada birincilər sırasında olması mülkiyyətçilərdə böyük inam yaradıb. Əldə olunan uğurlardan ruhlanan sahibkarlar cari ildə 11 min hektarda pambıq əkini aparmağı qarşıya məqsəd qoyublar. Bu məqsədlə pambıq emalı müəssisələri ilə müqavilələr bağlanılıb, çiyid səpiləcək sahələrdə keyfiyyətli şum aparılıb, digər aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilib. Artıq sahələr və əkinə cəlb olunacaq texnika tam hazır vəziyyətə gətirilib. Dövlətimizin başçısının pambıqçılığın inkişafına göstərdiyi qayğı və diqqətdən ruhlanan əkinçilər bu il 27 min tondan çox pambıq istehsal etməyi qarşılarına məqsəd qoyublar ki, bu da öz növbəsində 22 min iş yeri, 10 milyon manata yaxın gəlir, 3 milyon manatadək subsidiya deməkdir.

Müşavirədə rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rafael Quliyev, “MKT İK” MMC Biləsuvar filialının direktoru Qulamhüseyn Əliyev, Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev, Biləsuvar şəhər icra nümayəndəsi Qabil Xammədov, Nərimankənd kənd icra nümayəndəsi Asif Ağamalıyev, fermerlər Nizami Bəşirov, Əliheydər Rəsulov çıxış edərək pambıqçılığın inkişafı ilə bağlı rayonda görülən işləri diqqətə çatdırıb, əkin zamanı qarşıya çıxacaq problemlərin aradan qaldırılması yollarını göstəriblər.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov müşavirədə çıxış edərək, ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən pambıqçılığın inkişaf ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, rayonda pambıq əkininin başlanması ilə əlaqədar mülkiyyətçilərə uğurlar arzulayıb.

AzərTac.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top