Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qaliblərinin nəzərinə – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

 Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qaliblərinin nəzərinə

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinə istinadla ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üzrə müvafiq kateqoriyaları təqdim edir:

– beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

– IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

– beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar, beynəlxalq və respublika fənn olimpiadalarının siyahısı, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əksini tapıb.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) iyunun 10-dan iyulun 8-dək aşağıda göstərilən sənədlərin fotosurətlərini DİM-nə (Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 299) və ya onlayn qaydada ([email protected] poçtuna mövzu hissəsinə “müsabiqədənkənar qəbul” yazmaqla) təqdim etməlidirlər:

-ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti;

-beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin fotosurəti,

-müvafiq tədbirin keçirildiyi ölkə, tarix və nəticələrin əks olunduğu rəsmi sayt barədə məlumat.

Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir.

Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı sənədlərin fotosurəti ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də Mərkəzə göndərməlidirlər.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər göstərilən sənədlərlə yanaşı, Tələbə Qəbulu Qaydalarının 2.3-cü bəndinə əsasən həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top