MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

bank

Banklar dollar əmanətindən imtina edə bilərlər

Bir ay əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının dollarda istehlak kreditlərinin verilməsini qadağan etməsi çox müzakirələrə səbəb oldu. Bir çoxları bu qərarı doğru hesab etmədiyini, bank sektorunun gəlirlərini daha da azaldacağını, insanların kredit almaq imkanlarını məhdudlaşdıracağını bildirdi.

Amma bu gün bank sektorunda bir reallıq var: Dollarlaşma. Depozitlərin böyük bir hissəsinin dollarda olması iqtisadiyyatımız üçün yaxşı hal deyil. Ağrılı-acılı da olsa bu dollarlaşmadan xilas olmalıyıq.

Economic.az “Marja”-ya istinadən bildirir ki, dollarlaşmanın azaldılması üçün xarici valyutada istehlak kreditlərin verilməsinin qadağan olunması doğru verilmiş qərar kimi görünür. Artıq bunun ilkin nəticəsi var: Bir neçə gün öncə Azərbaycanın aparıcı  banklarından biri olan “Bank of Baku” manatla kredit verməyi bərpa etdi. Həmçinin bir neçə bank, manatla depozit qəbulu üzrə kampaniyaya start verib, gözlənilir ki, bu ilin ikinci yarısına doğru bir neçə bank da cəlb edəcəyi vəsitlər hesabına manatda kredit ayırmağı bərpa edəcəkdir.

Xarici valyutada istehlak kreditlərinin verilməsi dollarlaşmanın azalmasına necə təsir edə bilər?

Məlumdur ki, banklardakı əmanətlərin 80%-dən çoxu xarici valyutda, əsasən də dollardadır. Banklar bu əmanətlərə görə, əmanət sahiblərinə faiz ödəyirlər. Əgər Bank əhalidən cəlb etdiyi vəsaitləri kredit şəkilində verə bilmirsə (qadağan olunub), deməli, həmin pulu depozit kimi qəbul etmək banka əlavə xərcdir.  Ya bank dollarda cəlb etdiyi vəsaiti biznes krediti şəkilində sahibkarlara verməlidir, ya da vaxtı çatdıqda əmanəti uzatmaqdan imtina etməlidir. Bankların dollar əmanətlərindən imtina etmələri ehtimalı yüksəkdir. Çünki iqtisadi aktivlik aşağı düşdüyündən və dollarda kredit götürmək riskli hesab edildiyindən sahibkarlar da dollarda kredit götürməyə böyük maraq göstərmirlər.

Burada bir məqam var. Düzdür, xarici valyutada yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsi 3%-dir. Dollarda depozit faizinin aşağı olması, krediti daha aşağı faizlə sahibkarlara verməyə imkan verir. Əslində, banklarda dollarda yığılmış depozitlər aşağı faizlə sahibkarlara təklif oluna bilər. Amma, tendensiya budur ki, artıq dollar əmanətləri, yüksək faizlərə görə, qorunmayan əmanət şərtləri ilə (9%-ə çatır) yenidən banklara yatırılır.

Əmanətlərin manata çevrilməsini sürətləndirmək  üçün, növbəti mərhələdə xarici valyutada biznes kreditlərini vermək də qadağan oluna bilər. Belə olan halda banklar dollarda əmanət qəbulunda maraqlı olmayacaqlar. Nəticədə, vəsait sahibləri pullarını geri götürüb yenidən manatda banklara yerləşdirəcəklər. Bunu stimullaşdırmaq üçün ilkin mərhələdə qorunan əmanətlər üzrə faizin yuxarı həddi 15%-ə qaldırıla, bir müddət sonra, vəziyyət sabitləşdikcə, faiz yenidən aşağı salına bilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top