Balın qiyməti 20-70 manat arasındadır – YARMARKADAN REPORTAJ – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Balın qiyməti 20-70 manat arasındadır – YARMARKADAN REPORTAJ

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Sentyabrın 29-dək davam edəcək yarmarka hər gün saat 09:00-dan 19:00-dək alıcılar üçün açıq olacaq. Burada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Yarmarkada iştirak üçün hər bir arıçıya minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

AZƏRTAC-ın əməkdaşları yarmarkaya baş çəkərək vəziyyəti yaxından müşahidə edib. Məlum olub ki, cənub bölgəsinin arıçıları digər bölgələrlə müqayisədə sayca daha çoxdur. Bunun səbəbi həmin bölgədə arı təsərrüfatının çox olması ilə əlaqədardır.

Bal yarmarkasının ərazisində ilk sırada Qarabağ, Şərqi Zəngəzur bölgəsinin arıçılıq məhsulları yer alıb. Axı 3 ildir ki, işğaldan azad olunmuş ərazilərdə yaylaqlara təsərrüfatlarını köçürmüş arıçılar da öz məhsullarını yarmarkada satışa çıxara bilirlər.

Yarmarkada öz təbiətinin bitki örtüyü ilə zəngin olan Kəlbəcər balına marağın daha yüksək olması diqqətimizi çəkir.

Kəlbəcər balının satıldığı stendə yaxınlaşıb İstisuda arıçılıq təsərrüfatını yaradan və bu işlə 25 ildir məşğul olan Elçin Nağıyevlə həmsöhbət oluruq. Arıçı iki böyük arı təsərrüfatının olduğunu bildirərək onlardan birinin Daşkəsəndə, digərinin isə Kəlbəcərdə yerləşdiyini deyib:

“Məhsulumuz tam təbiidir. Yemləmədən istifadə etməmişik. Ona görə də satdığım məhsulların tam təbii olmasına cavabdehəm. Qeyd edim ki, Kəlbəcər balının qiyməti 50 manatdır. Daşkəsən balının isə xərcləri az olduğuna görə qiyməti 35-40 manat arasında dəyişir. Şan balının da qiyməti isə 50 manatdır”, – deyə arıçı deyib.

Kəlbəcər arıçılığını yarmarkada təmsil edən digər iştirakçı Mətləb Kərimov bu işlə 2008-ci ildən məşğul olduğunu deyib. Qeyd edib ki, alıcılar Kəlbəcər təbiətinin zənginliyinə görə bu bölgədən olan məhsullara daha çox üstünlük verməlidir. Onun satdığı balın qiymətləri isə 35-40 manat arasında dəyişir.

Öz atasından miras qalan arıçılıq təsərrüfatını davam etdirən Telman Musayev isə yarmarkada Füzuli rayonunu təmsil edir. O arıçılıq təsərrüfatını Hadrut və Xocavənd ərazisində yerləşdirib:

“Artıq 3 ildir ki, işğaldan azad edilmiş ərazilərdə arıçılıq təsərrüfatları yerləşir. Şükürlər olsun ki, bu il məhsuldarlıq yaxşı oldu. Qeyd edim ki, arını başqa təsərrüfata köçürməzdən əvvəl onun yer seçimi düzgün aparılmalıdır. Nektar mənbəyini tapmaq və təsərrüfatı ora köçürmək lazımdır ki, bol məhsul əldə olunsun. İllərdir ki, arıçılıqla məşğul olduğumuz üçün bu prinsiplərə əməl edirik. Qiymətlər isə bazar standartlarına uyğundur. Arıçılıq məhsullarının xərcləri çoxdur. Təsərrüfatın daşınması, lazım olan ləvazimatların, dərmanların alınması balın qiymətinə təsir edir. Hazırda qiymətlər 30-40 manat arasında dəyişir. Məlumdur ki, balın növü, ətri, dadı bitkilərə məxsusdur. Bitkilər isə ərazilərə görə dəyişir. Bitki tərkibi zəngin olan ərazilərin ballarına üstünlük vermək lazımdır. Çünki balın tərkibində gülün, çiçəyin nektarı nə qədər çoxdursa onun tərkibi bir o qədər zəngindir”, – deyə təsərrüfatçı bildirib.

Laçınlı, 18 ildir ki arıçılıq təsərrüfatı ilə məşğul olan Osman Nəsibov da satışa çıxardığı balların keyfiyyətindən əmindir:

“Hazırda Qaxda yaşayıram. Təsərrüfatımı yay mövsümündə Laçında anadan olduğum kəndə aparıram. Ümumilikdə 300 kilometr yol qət edirəm. Arılarımız dağlardakı çəmən çiçəklərindən məhsul toplayır. Balın qiymətləri 30-50 manat arasında dəyişir. Şan balının qiyməti isə bir qədər yüksəkdir. Alıcıların istəklərini nəzərə alaraq qiymətlərdə endirim də edirik. Yarmarka hələ dünəndən açılıb, hələ alıcı qüvvəsi zəifdir, yəqin ki həftəsonu insanlar yarmarkaya daha çox gələcək”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov jurnalistlərə müsahibəsində balın qiyməti ilə bağlı məsələyə münasibət bildirib. V.Hüseynov qeyd edib ki, balın qiyməti arıçıların özləri tərəfindən müəyyənləşdirilir. Bildirib ki, yarmarkada aparılan ilkin monitorinqə görə, qiymətlər 20-70 manat aralığında dəyişir.

“Ballar çeşidlərinə görə fərqləndiyi üçün qiymətlər də ona görə müəyyənləşir. Məsələn, Azərbaycanda çox az olan, əsasən dərman kimi istifadə olunan şabalıd balının qiyməti həmişə yüksəkdir. Bilirsiniz ki, arıçılıq təsərrüfatı mövsüm ərzində bir yerdə fəaliyyət göstərmir, belə ki arıçılar təsərrüfatlarını müxtəlif regionlara köçürürlər. Ona görə də nəqliyyat, dərman xərcləri yaranır. Öz təsərrüfatlarından yüksək məhsuldarlıq əldə etmiş arıçılar məhsullarını daha münasib qiymətə satırlar. Ümumiyyətlə isə ötən illərin təcrübəsi göstərir ki, yarmarkanın əvvəllərində arıçılıq məhsulları müxtəlif qiymətlərə təklif edilir. Növbəti günlərdə isə həm vətəndaşların alıcılıq qabiliyyəti, həm də satış səviyyəsinə uyğun olaraq qiymətlər orta səviyyədə stabilləşir”, – deyə nazirliyin rəsmisi bildirib.

Mətbuat katibi, həmçinin yarmarkada satılan balların keyfiyyət göstəricilərinə də münasibət bildirib. V.Hüseynov vurğulayıb ki, yarmarkada iştirak etmək hüququ qazanan fermerlər öz məhsullarını Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin xüsusi anbarlarına gətirib təhvil verirlər:

“Daha sonra arıçıların iştirakı ilə məhsullardan anonim şəkildə analiz götürülür və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunur. Analiz nəticələri məlum olduqda standartlara cavab verməyən məhsulların yarmarkaya çıxarılmasına icazə verilmir. Belə olduğu halda, arıçının yarmarkada iştirakı qadağan olunur. Standartlara uyğun gəlməyən məhsul arıçıya yarmarka bitdikdən sonra təhvil verilir. Bu, ona görə edilir ki, arıçı keyfiyyətsiz məhsulunu nəinki yarmarkada, həmçinin onun ətrafında və digər ərazilərdə sata bilməsin. Tam əminliklə deyə bilərik ki, yarmarkada satılan arıçılıq məhsullarının hamısı ən yüksək keyfiyyətdədir. Alıcılardan da xahiş edirik ki, yarmarkaya gələrkən satıcılardan məhsulların analiz göstəricilərini tələb etsinlər”, – deyə V.Hüseynov diqqətə çatdırıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top