MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Bakı Şəhər Halqası

“Bakı Şəhər Halqası”nın Beynəlxalq avtomobil sərgisindəki stendi böyük maraqla qarşılanıb

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nümayəndə heyəti Formula-1 Azərbaycan Qran-prisini ilk dəfə Beynəlxalq avtomobil sərgisində dünya ictimaiyyətinə təqdim etmək üçün ötən həftə İngiltərənin Birmingem şəhərində səfərdə olub.

BŞH-dən bildiriblər ki, sayca 27-ci dəfə təşkil edilən sərgi Avropada Formula-1 mövsümündən əvvəl qapalı məkanda keçirilən ən böyük avtomobil sərgisi hesab olunur. Ötən illərdə olduğu kimi, bu il də sərgidə müxtəlif sürət yarışlarında yer alan avtomobillərin nümayişi ilə yanaşı, bütövlükdə avtoidman və avtomobil sektorunda baş verən ən son yeniliklər ictimaiyyətə təqdim edilib.

Formula-1 bolidlərinin nümayiş olunduğu sırada yerləşən BŞH-nin stendi sərgiyə gələn beynəlxalq ictimaiyyətin, o cümlədən azarkeşlər, media nümayəndələri və avtomobil sektoru üzrə mütəxəssislərin böyük marağına səbəb olub. Stendə gələn ziyarətçilər Formula-1-in ən yeni və ən sürətli şəhər treki haqqında ətraflı məlumat əldə edərək Bakı şəhər halqası ilə yaxından tanış olublar.

Stenddə ziyarətçilərə geniş ekranda paytaxt Bakının mərkəzi küçələrində ötən il baş tutmuş ilk Formula-1 yarışının ən maraqlı məqamlarının əks olunduğu videoçarx, Azərbaycanın milli mətbəxindən ən dadlı şirniyyatlar və Bakı haqqında ətraflı məlumat olan broşurlar təqdim edilib. Bununla yanaşı, ziyarətçilər Formula-1 simulyatoru vasitəsilə Bakı şəhər halqasında sürücülük bacarıqlarını sınaqdan keçiriblər. Dörd gün davam edən sərgi zamanı simulyatorda bacarığını nümayiş etdirən Skot Harrison Bakı şəhər halqasını qısa müddətdə (01:37:437) dövrə vuraraq stendin ziyarətçiləri arasında ən sürətli sürücü ünvanına yiyələnib.

Bundan başqa, BŞH-nin stend ziyarətçiləri arasında lotereya keçirilib. Dörd min azarkeşin iştirak etdiyi lotereyada Perri Ovens uduş əldə edib. Uduşa əsasən, Perri Ovensə istədiyi şəxslə birlikdə bu yay Bakıya səyahət etmək və Formula-1 Azərbaycan Qran-prisində iştirak üçün iki bilet təqdim olunub.

Ümumiyyətlə, BŞH nümayəndə heyətinin Birmingem səfəri çox məhsuldar keçib. Belə ki, bir tərəfdən stenddə Bakı şəhər halqası ilk dəfə Beynəlxalq avtomobil sərgisində ictimaiyyətə təqdim olunub. Digər tərəfdən isə stendə gələn jurnalistlər və media tərəfdaşları ilə üz-üzə görüşlər keçirilərək onlara bu yay Bakıda baş tutacaq növbəti yarış haqqında ətraflı məlumat verilib.

“Sky Sports” kanalının xəbər aparıcısı Reyçel Braksa müsahibə verən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai əməliyyat şirkətinin Beynəlxalq avtomobil sərgisindəki ilk çıxışının nəticələrini yüksək qiymətləndirib: “Beynəlxalq avtomobil sərgisində ilk dəfə iştirak edərək paytaxtımızı və Bakı şəhər halqasını avtomobil həvəskarlarına yüksək səviyyədə təqdim edə bildiyimizə görə olduqca şadam. Sərgi zamanı stendimizi çoxlu sayda insan ziyarət etdi və onlar gözəl paytaxtımız haqqında ətraflı məlumat almaq istədiklərini, hətta bu yay Azərbaycana səfər edərək yarışı yerində canlı izləmək istədiklərini bildirdilər. Çox şadıq ki, ötən il Formula-1 tarixində ən sürətli şəhər treki ünvanına sahib olduq və bizim bu uğurumuz sərgidə ziyarətçilərin maraq göstərdikləri ən əsas məqama çevrildi. Həmçinin stenddə lotereya keçirdik və uduş Perri Ovensə çıxdı. İnanırıq ki, o, bu yay Bakıda yaşayacağı hər andan böyük zövq alacaq”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top