MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Hotel-reception

Bakı otellərində daimi yaşayanlar var

Bu gün Azərbaycanda dünya standartlarına cavab verən xeyli sayda otel var. Özü də yalnız Bakıda deyil, əksər bölgələrdə də belə otellərə rast gəlmək mümkündür.

Təbii ki, bu da ölkəyə turist axının sürətləndirən əsas məqamlardandır. Otellərlə bağlı diqqətçəkən məsələlərdən biri də burada daimi yaşayanların olmasıdır…

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a bu sahədə bilmədiyimiz bəzi detalları açıqlayıb.

O qeyd edib ki, Bakıdakı “Hilton otel”, “ Four seasion”, “Port Baku”, “Staybridge Suits otel”də daimi qalmaq üçün nəzərdə tutulan nömrələr var:

““Staybridge Suits” otel şəbəkəsinin  (Bakı dəmiryolu vağzalının yanı) bir qoludur. Bu brendin yaradılmasında məqsəd ondan ibarətdir ki, işgüzar qonaqlar burada daimi qalırlar. Daimi qalmaq üçün Apart otel yaradılıb”.

Apart otel nədir?

Bu otellər əsasən mənzil və villa tipində inşa edilmiş binadan ibarətdir. Burada qalan müştərilər səhər, nahar və şam yeməklərini özləri hazırlayırlar. Bu tip oteldə mətbəx, nömrənin daxilində yerləşir. Mətbəxdə insanların gündəlik yaşayışı üçün gərəkli olan bütün ləvazimat və avadanlıqlar olur.

M.Ağakərimov otel biznesinin bəzi detallarına diqqət çəkib:

“Özüm otel müdiri olsam, müştəri nömrəni 2-3 illik kirayələsə, mənə çox sərf edər. Otel müdirləri həmişə arzu edir ki, nömrələr uzun müddətə götürülsün. Çünki nömrələrin boş qalması vergi verilməsi zamanı rəhbərliyə zərər vurur. Otel biznesinin ticarət və restoran biznesindən fərqi odur ki, bu gün satılmayan malı sabah satmaq şansın yoxdur. Amma restoran biznesində  belədir ki, bişirilən yemək bu gün satılmayıbsa, onu soyuducuya qoyub növbəti gün sata bilərsən. Oteldə nömrə fondu boş qalırsa, biznes itirir”.

Otellərdə yaşamaq üçün qiymətlərə gəlincə, müşavir bununla bağlı dəqiq rəqəm söyləməkdə çətinlik çəkib. O qeyd edib ki, qiymətlər, otel müdiri ilə müştəri arasında aparılan danışıqdan asılı olaraq müəyyən edilir:

“Otellərdə yaşayış bir nömrə üçün ödəniş haqqı ilə ölçülür. Otellərin dərəcələri, ulduzları var. Otellər özəl sahibkarlıq subyekti olduğundan vahid qiymət tətbiq edilmir. Həm də bilmək olmur ki, hansı sahibkar 4 faiz vergi verir, hansı 18 faiz. Ona görə də qiymətlər həm də vergi faizindən asılıdır. Amma nəzərinizə çatdırım ki, uzun müddətə, həm də daha çox turist cəlb edən şirkətlərə hər zaman güzəşt tətbiq edilir.

Təxminən 1 ay oteldə yaşayanlara 20-30, hətta 50 faizədək güzəştlər verilir. Konkret rəqəm söyləmək çox çətindir. Nəzərə alaq ki, otellərin özü dərəcələrə bölünür, eyni zamanda nömrələr özü də 1 otaqlı, 2 otaqlı, suit, lüks olmaqla təsnifatlanır. Amma deyim ki, otellərdə yaşayış çox bahalıdır. İstənilən adam, vəzifəsindən, kimliyindən asılı olmayaraq oteldə yaşaya bilər. Təbii ki, pulunu ödəmək şərtilə. Bu baxımdan pulunu ver, nə qədər istəyirsən qal”.

M.Ağakərimov qeyd edib ki, otellərdə yaşayanlar əsasən xaricilər, eyni zamanda azərbaycanlı iş adamlarıdır:

“Otellərdə daimi yaşayış üçün xüsusi mərtəbə var. Hətta “Hilton” otelin qarşısında orada yaşayanlar üçün nömrələnmiş parkovka da salınıb. Azərbaycanda oteldə daimi yaşayan insanlar var”.

Otellərdə yaşama müddətinə gəlincə, müşavir deyib ki, bu, müqavilə əsasında tənzimlənir:

“Müqavilənin müddəti limitsizdir. Yəni neçə il istəsən müqavilə əsasında oteldə yaşaya bilərsən. Amma mənim fikrimcə, oteldə yaşamaqdansa, ev almaq daha sərfəlidir”.Təxmini olaraq “Hilton otel”də standart otağın bir gecəsinin (gün saat 12:00-dan növbəti gün 14:00-a dək hesablanır) 388 manat 46 qəpik olduğunu nəzərə alsaq, 1 ay müddətinə oteldə yaşamaq üçün 116535,8 manat tələb olunur. 50 faizlik güzəşt tətbiq edilkdə isə 1 ay otel həyatı sürmək üçün 5826.9 manat ödəməlisiniz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top