Bakı məktəbində 26 İyar Qurtuluş Günü münasibətilə tədbir keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakı məktəbində 26 İyar Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Bakı, 4 iyun, AZƏRTAC

Bakıdakı 46 saylı məktəbdə hər il yəhudi təqvimi ilə İyar ayının 26-da qeyd olunan Qurtuluş və Azadlıq Gününə həsr olunmuş əlamətdar tədbir keçirilib. Mərasimdə görkəmli ictimai xadimlər və müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.

AZƏRTAC bu barədə “STMEGİ”-nin saytına istinadla xəbər verir.

Fəxri qonaqlar arasında STMEGİ-Azərbaycan nümayəndəliyinin rəhbəri Şaul Davıdov, Milli Məclisin deputatı Anatoli Rafailov, Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Dağ Yəhudiləri Muzeyinin direktoru İqor Şaulov, Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal, Avropa Yəhudiləri İcmasının baş ravvini Yevgeni Brenneysen, İsrail və Rusiya səfirliklərinin nümayəndələri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, habelə ictimai xadim, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov və başqaları olublar.

Tədbirdə STMEGİ-Azərbaycan nümayəndəliyinin rəhbəri Şaul Davıdov çıxış edərək bu əlamətdar günün yəhudi xalqı üçün əhəmiyyətini vurğulayıb: “Bu gün biz yəhudi xalqının ilahi qurtuluş və tamamilə məhv olmaqdan xilas olması gününü yad edirik”.

Bildirib ki, bu gün böyük itkilərə baxmayaraq, qurtuluş və dirçəliş möcüzəsi kimi qeyd olunur: “Sovet İttifaqı ordusu başda olmaqla, ittifaq ordularının qələbəsi olmasaydı, yer üzündə yəhudi qalmazdı”.

Şaul Davıdov İkinci Dünya müharibəsində Sovet İttifaqının əhəmiyyətli itkilərindən bəhs edərək, yəhudi xalqının qələbəyə verdiyi töhfəni də qeyd edib: “Sovet Ordusu sıralarında 500 min yəhudi döyüşüb. Ən böyük itkilər faiz hesabı ilə yəhudilərə aiddir. 160772 yəhudi döyüşçüsü medal və ordenlə təltif edilib, 305 yəhudi isə general və admiral rütbəsinə layiq görülüb”.

O, Azərbaycanın qələbəyə verdiyi töhfəni xüsusi vurğulayıb: “Azərbaycan qələbəyə layiqli töhfə verib. Azərbaycanın 610 min sakini orduya çağırılıb, onların yarısı geri qayıtmayıb. 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını alıb”.

Tədbirin digər iştirakçıları bu tarixin qeyd olunmasının vacibliyini diqqətə çatdıraraq bu günün heç vaxt unudulmayacağını bildiriblər. Onlar yəhudilərin nasist Almaniyası üzərindəki qələbəyə verdiyi əhəmiyyətli töhfələri də diqqətə çatdırıblar.

İştirakçılar çıxışlarında tarixi yaddaşın qorunub saxlanılmasının və həmin hadisələr haqqında biliklərin gənc nəslə ötürülməsinin vacibliyini vurğulayıblar. Onlar, həmçinin bildiriblər ki, bu cür tədbirlər millətlərarası dialoqun və anlayışın möhkəmlənməsinə kömək edir, hər kəsə müasir dövrdə sülh və həmrəyliyin əhəmiyyətini xatırladır.

Tədbirdə, həmçinin bu günün irsini qorumağa kömək edə biləcək mədəni və təhsil təşəbbüslər ayrıca qeyd edilib. Daha çox insanın II Dünya müharibəsi tarixinin qəhrəmanlıqları və şücaətləri, habelə faciəli səhifələri haqqında məlumat əldə edə bilməsi üçün tematik sərgilərin, mühazirələrin və veteranlarla görüşlərin təşkil edilməsi təklif olunub.

Çıxış edənlərin fikrincə, bu təşəbbüslər təkcə keçmişin xatirəsini qorumağa deyil, həm də müasir cəmiyyətdə birlik və vətənpərvərlik hissini gücləndirməyə kömək edəcək. Milliyyətindən və dinindən asılı olmayaraq, hər bir insanın bu günün əhəmiyyətini başa düşməsi və şər üzərində ümumi qələbə naminə verilən qurbanlara hörmət etməsi vacibdir.

Tədbirin sonunda məktəbin şagirdləri Qələbə Günü haqqında mahnı ifa edərək iştirak edənlərin hamısının gur və coşqulu alqışlarına layiq görülüblər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top