"Azərxalça”nın Şəmkir filialında 200-cü xalça kəsilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərxalça”nın Şəmkir filialında 200-cü xalça kəsilib

Sentyabrın 13-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəmkir filialında 200-cü xalça kəsilib.

Tədbirdə bildirilib ki, 2017-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən filialda toxucular üçün ideal iş şəraiti yaradılıb. “Azərxalça”nın tədris-hazırlıq kurslarını bitirən toxucular gözəl xalçalar toxumağa çalışırlar. Xalça istehsalı emalatxanasında Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy və Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük verilir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin filialın açılış mərasimində söylədiyi fikirlər kollektivə həm ruh verib, həm də onların üzərinə böyük məsuliyyət qoyub: “Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçalılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız. Bu fabrik ən müasir standartlara cavab verir. Burada ən gözəl dəzgahlar quraşdırılıb. Sizin istehsal etdiyiniz xalçalar həm daxili bazarlarda, həm də xaricdə satılacaq. Ölkəmizə daha çox valyuta gələcək, ölkəmiz və qədim xalçaçılıq sənətimiz dünyada nümayiş etdiriləcək. Ölkəmizin təbliğatı, tanıdılması istiqamətində bunun çox böyük mənası var”.

Ötən dövr ərzində filialın kollektivi dövlət başçımızın xalçaçılara göstərdiyi diqqət və qayğıya əməli işlə cavab vermək üçün səylə və səmərəli fəaliyyət göstərib, qədim Azərbaycan çeşniləri əsasında orijinal xalçalar toxunub.

Qeyd olunub ki, xalçanın toxunması prosesi başa çatdıqdan sonra o, kəsilərək hanadan götürülür. Əl əməyi, göz nuru ilə ərsəyə gətirilən xalçanın kəsilməsi toxucuların zəhmətinin son mərhələsidir. Ona görə də xalça kəsilməsini toxucular həmişə bayram əhval-ruhiyyəsi ilə xüsusi mərasim kimi qeyd ediblər. Evlərdə qurulan hanalardan xalçaların kəsiləcəyi günü insanlar toy-bayram kimi səbirsizliklə gözləyiblər. Milli dəyərimiz olan xalçaçılığı inkişaf etdirən “Azərxalça”nın toxucuları əsrlərdir yaşadılan həmin ənənəni bu gün də davam etdirirlər. Bütün xalça istehsalı emalatxanalarında, eləcə də Şəmkir filialında toxunan xalçaların kəsildiyi gün toxucular üçün bayrama çevrilir.

Sonra hazır xalçanı onu ərsəyə gətirən toxucular kəsiblər. Qarabağ qrupuna aid olan xalçanın ölçüsü 3.65 sm x 2.75 sm-dir.

Xatırladaq ki, “Azərxalça”nın 10 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 1000-dən çox xalça toxunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top