Azərbaycanlı aktrisa “Debütlərin Birliyi” beynəlxalq mükafatının laureatı olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisa “Debütlərin Birliyi” beynəlxalq mükafatının laureatı olub

Bakı, 20 iyun, Tatyana İvanayeva, AZƏRTAC

Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası Mariya Dubovitskaya “Debütlərin Birliyi” beynəlxalq mükafatının laureatı olub.

AZƏRTAC MDB-nin iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun saytına istinadla xəbər verir ki, “Debütlərin Birliyi” beynəlxalq mükafatının verilməsi üzrə Şura 2023-cü il üçün laureatların adlarını açıqlayıb.

“Debütlərin Birliyi” beynəlxalq mükafatı hər il MDB-nin iştirakçı dövlətlərində humanitar il tematikasına dair keçirilən müsabiqələrdə ən yaxşı əsərlər, işlər və ya nailiyyətlər üzrə qaliblərə verilir.

Müstəqil Dövlətlər Birliyinin gənc mütəxəssislərinin cəmiyyət qarşısında xidmətlərinə qiymət verən “Debütlərin Birliyi” beynəlxalq mükafatı MDB iştirakçısı olan dövlətlərdə gənclərin yaradıcılığını dəstəkləmək, gənclər arasında yaradıcı ünsiyyət və əməkdaşlığı inkişaf etdirmək məqsədilə 2008-ci ildə təsis edilib. Bu mükafat, həmçinin MDB-yə üzv ölkələrin gənclərinin, həvəskar müəlliflərin, ifaçıların, gənc alimlərin, humanitar və yaradıcı peşələrin nümayəndələrinin mədəniyyət, incəsənət, elm, təhsil sahəsində peşəkar inkişafına kömək etmək, Birliyin peşə icmalarında onların əsərlərinin, elmi kəşflərinin və digər nailiyyətlərinin təbliği məqsədi daşıyır.

2023-cü ildə mükafat millətlərarası ünsiyyət vasitəsi kimi Rus dili ilinə həsr olunub.

Bu il ali mükafata 7 Birlik ölkəsindən 8 nəfərin namizədliyi irəli sürülüb. Bütün MDB ölkələrinin tanınmış mədəniyyət və təhsil xadimlərinin daxil olduğu münsiflər heyətinin qərarı ilə mükafatlar yeddi iddiaçıya verilib.

Mükafat hər il təsisçilər tərəfindən müəyyən edilən humanitar sahədə gənc mütəxəssislərə (35 yaşa qədər) verilir. Mövcud olduğu illər ərzində bu mükafatı şairlər, həkimlər, müəllimlər, alimlər, tarix və mədəniyyət abidələrinin mühafizəsi mütəxəssisləri, kitabları və mütaliəni təbliğ edənlər alıblar.

Mükafatların təqdimatı mərasimi sentyabrda MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının qarşıdan gələn Forumu çərçivəsində Ufada baş tutacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top