Azərbaycanın veteran qapıçısı: Türkiyəli qolkiperin fantastik seyvi komandanı 1/4 finala çıxardı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın veteran qapıçısı: Türkiyəli qolkiperin fantastik seyvi komandanı 1/4 finala çıxardı

Bakı, 3 iyul, AZƏRTAC

“Avstriya yığması Avropanın sayılıb-seçilən komandalarından biridir. Bu mərhələyə qədər gəlmələri də bunun sübutudur”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Zirə”nin məşqçisi Fərhad Vəliyev Türkiyə millisinin Avropa çempionatının 1/8 final mərhələsində Avstriya seçməsinə 2:1 hesabı ilə qalib gələrək növbəti raunda vəsiqə qazanması barədə danışarkən deyib.

Mütəxəssisin sözlərinə görə, “ay-ulduzlular” birinci qoldan sonra oyunu müdafiədən qurdular: “Müdafiədə ciddi boşluqlar vermədilər və ikinci qolu vura bildilər. Merih Dəmiralın dubl etməsindən sonra Türkiyənin 1/4 finala yüksəlməsi böyük ölçüdə həll olunmuşdu”.

O, Türkiyə millisinin qapıçısı Mərt Günokun Avstriya ilə matçdakı inamlı çıxışına da toxunub: “Son saniyələrdəki seyvi möhtəşəm idi. Həmin epizod qol olsaydı, psixoloji üstünlük Avstriya millisinin tərəfinə keçəcəkdi. Yadınızdadırsa, 2022-ci ildə Qətərdə baş tutan dünya çempionatının final görüşündə Argentina millisinin qapıçısı Emiliano Martinesin fransalı Randal Kolo Muani ilə təkbətək dueldən qalib ayrılması nəticəyə böyük təsir etmişdi. Türkiyəli qolkiperin dünənki seyvi 2010-cu ildə “Qarabağ”ın heyətində Avropa Liqasının III təsnifat mərhələsində Polşa “Visla”sı ilə səfər matçının son dəqiqələrində penaltini dəf etməyimi xatırlatdı. Həmin qarşılaşmada 1:0 hesabı ilə qalib gəlmişdik. Dünənki matçda da Mərt Günokun fantastik seyvi Türkiyəni 1/4 finala çıxardı”.

Azərbaycan millisinin sabiq qapıçısı Türkiyə yığmasının yarımfinala çıxmaq şanslarını yüksək qiymətləndirib: “Niderland millisi məğlubedilməz deyil. Türkiyə yığması onlara qalib gələrək yarımfinala vəsiqə qazana bilər”.

Qeyd edək ki, iyulun 7-də keçiriləcək Niderland–Türkiyə oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top