MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın qızıl-gümüş satışından əldə etdiyi gəlir açıqlanıb

Beş il ərzində qiymətli metalların satışından Azərbaycan iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib.

“AzerGold” 2029-cu ilədək 10 yatağın istismara verilməsini hədəfləyir.

“AzerGold” QSC-nin sədr müavini Xəyyam Fərzəliyev “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimində bildirib ki, 2017-ci ildə cəmiyyətin 179 min qızıl ekvivalentində unsiya olaraq hesab­lanmış metal ehtiyatları 4,4 milyon qızıl ekvivalentində unsiya qədər, yəni 24 dəfə artırılıb: “Cəmiyyət strateji planına əsasən, yeni “greenfield” layihələri ilə yanaşı, 2022-ci ildən 2029-cu ilədək 4 qızıl, 1 polimetal, 3 mis və 2 dəmir filizi yatağı olmaqla, ümumilikdə 10 yatağın istismara verilməsini hədəfləyir.

Ötən ildən cəmiyyətimiz işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan me­tal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Tutxun çayı hövzəsində yerləşən eyniadlı qızıl təzahürü sahəsində müvafiq işlərə başlayıb. “Tutxun” sahəsi və cinah ərazilər – Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə hazırda müvafiq prosedurlar icra edilir. Yataq üzrə 2021-2024-cü illəri əhatə edən geoloji kəşfiyyat proqramı çərçivəsidə süni peyklərdən alınan hiperspektral görüntülər işlənilir, müasir normalara cavab verən məsafədən (qeyri-invaziv) tədqiqatlar yerinə yetirilir. Gələcəkdə buruq-qazma və digər geoloji kəşfiyyat işlərinin icra edilməsi üçün sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməlidir. Bu istiqamətdə mü­vafiq qurumlar tərəfindən zəruri addımlar atılır”.

Xəyyam Fərzəliyev bildirib ki, fəaliyyət dövrü ərzində QSC 287 min unsiya qızıl, 530 min unsiya gümüşün beynəlxalq baza­ra ixracına nail olub. 5 ildən bir qədər çox olan dövrdə qiymətli metalların satışından ölkə iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib.

Xəyyam Fərzəliyev qeyd edib ki, hazır­da Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının oksid mərhələsindən sulfid mərhələsinə keçid üzrə tranzit filizlərin istismarı, eləcə də cəmiyyətin geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş 1” və “Mərəh” qızıl yataqlarında hasilat işləri aparılır: “Ötən il Daşkəsən rayonunda cəmiyyətimizin geoloqları tərəfindən apa­rılan kəşfiyyət işləri nəticəsində daha bir sahə, “Nərimanlı” potensial qızıl yatağı kəşf edilib. Hazırda sözügedən sahə üzrə müva­fiq geoloji tədqiqatlar davam etdirilir”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top