MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

1inci

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub

Aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.

Görüşdə Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva görüşdə çıxış edib.

Sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edib:

– Hörmətli xanım Birinci vitse-prezident.

Hörmətli tədbir iştirakçıları.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondu tərəfindən aprel döyüşlərində yaralanmış bir qrup hərbi qulluqçulara protezlərin təqdim edilməsi dövlət rəhbərliyinin Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.

2016-cı ilin aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını alaraq, uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri azad etdi. Dördgünlük şiddətli döyüşlərdə düşmən canlı qüvvədə və hərbi texnikada çoxlu sayda itkilər verərək geri çəkildi. Cəbhə və döyüş bölgəsində əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı Silahlı Qüvvələrin Ali Baş Komandanının orduda həyata keçirdiyi islahatlar nəticəsində mümkün olub. Döyüşlərdən bir neçə gün sonra Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin cəbhəboyu kəndlərə səfər etməsi, əhali ilə görüşməsi, dağıdılmış evlərin bərpası istiqamətində verilən tapşırıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının hərbi hospitalda olaraq yaralı əsgərlərlə və onların valideynləri ilə görüşməsi və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin şəhid olmuş hərbi qulluqçuların ailələrinə göstərdiyi dəstək Silahlı Qüvvələrin şəxsi heyəti arasında böyük ruh yüksəkliyi yaradıb.

Hörmətli xanım Birinci vitse-prezident, icazə verin, şəxsən öz adımdan, Silahlı Qüvvələrin şəxsi heyəti adından ordunun şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və şəxsən Sizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə dərin minnətdarlığımı bildirim.

 

Sağ olun.

 

X X X

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək dedi:

 

– Hörmətli xanım Birinci vitse-prezident.

 

Əvvəlcə, icazə verin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə əhalinin sosial müdafiəsi sahəsində çalışanlar adından Sizi səmimi qəlbdən təbrik edim və onların bu alternativsiz təyinatı hərarətlə qarşıladıqlarını məmnunluqla diqqətinizə çatdırım.

 

Bu gün ötən ilin aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşünüz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq Sizin respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinizin əyani göstəricisidir. Bu görüş bir daha sübut edir ki, ölkəmizin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsi də Azərbaycan iqtidarı üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacibdir.

 

Hazırda ölkəmizdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir və bu məqsədlər üçün il ərzində 60 milyon manat məbləğində vəsait sərf olunur. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar da icra edilir. 2016-cı ildə 103 nəfər müharibə əlilinə, son 20 il ərzində isə 3476 nəfərə pulsuz avtomobil, o cümlədən müharibə əlilləri və şəhid ailələrinə son 20 il ərzində 3646 şəxsə mənzil və fərdi ev verilib.

 

2016-cı ildə 445 nəfər müharibə əlili sanatoriya-kurort putyovkası ilə təmin olunub, 271 nəfər Qarabağ müharibəsi əlilinin sosial-məişət problemlərinin həllinə kömək üçün 63 min manat, aprel döyüşləri zamanı əlil olmuş şəxslərə cari ilin yanvar ayında 10 min manat məbləğində birdəfəlik yardım edilib.

 

Son üç ildə və cari ilin ilk rübündə Respublika Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1460 nəfər müharibə əlilinə 23 935 protez ortopedik məmulat və reabilitasiya vasitələri, o cümlədən 144 ədəd əlil arabası verilib. Hazırda Azərbaycan Prezidentinin tapşırığı ilə həmin zabit və əsgərlərimizin protezlərinin bionik, yəni, hərəkət edən protezlərlə əvəzlənməsi prosesinə start verilib. Bu prosesin təşkilini Heydər Əliyev Fondu öz üzərinə götürüb və buna görə Sizə, hörmətli Mehriban xanım, bir daha dərin təşəkkürümüzü bildiririk.

 

X X X

 

Aprel döyüşlərində yaralanan zabit Elşən Qarayev çıxış edərək dedi:

 

– Birinci vitse-prezident Mehriban xanım, əvvəla, Sizə öz minnətdarlığımızı bildiririk. Biz aprel döyüşlərinin canlı şahidləriyik.

 

Sizin və Ali Baş Komandanımızın aprel döyüşlərinin iştirakçılarına göstərdiyiniz diqqət və qayğını həmişə izləyirik, minnətdarlığımızı bildiririk. Reabilitasiya Mərkəzində ilkin mərhələdə protezlər qoyulması bizim üçün ümidverici bir hadisə oldu. Həqiqətən də bu, təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasında bu protezlər biz hərbçilər – ayağını, qolunu, pəncəsini itirən hərbçilər üçün böyük bir uğurdur. Çünki xarici dövlətlərə gedib-gəlmək maddi cəhətdən böyük çətinliklər yaradırdı. Ona görə də aprel döyüşçülərinin hamısının adından bu işlərdə göstərilən səylərə, qazanılan hər bir uğura görə minnətdarlığımızı bildiririk.

 

Aprel döyüşləri xalqımızın daim ordunun yanında olduğunu göstərdi. Ali Baş Komandanımız nə vaxt əmr versə, biz əlimizdə silah ordudayıq.

 

X X X 

Birinci vitse-prezident Mehriban Əliyeva görüşə yekun vurub.

 

Daha sonra “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin geniş təqdimatı oldu.

 

MEDİCOM şirkətinin direktoru Anar Rüstəmov videoçarx əsasında dünyanın aparıcı protez istehsalçılarının məhsulları haqqında məlumat verərək dedi:

 

– Hörmətli Mehriban xanım.

 

Əvvəl Sizə təşəkkür etmək istərdim ki, MEDİCOM şirkətinin “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin təqdimatına imkan yaratdınız.

 

Tapşırıq alan kimi, Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə yaradılan işçi qrupu hər bir əsgər və zabitlə fərdi görüşlər keçirərək qarşıda duran əsas vəzifə və tapşırıqları müəyyən edib. Layihə çərçivəsində ilkin mərhələdə əsgər və zabitlərimizin klassik protezlərlə təmin olunmasını düşünürdük. Mehriban xanım, lakin Sizin tapşırığınızdan sonra əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın, İslandiyanın, İngiltərənin, ABŞ-ın qabaqcıl şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunacaqlar.

 

Hər bir əsgər və zabitimizin bir çox fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər tətbiq olunacaq.

 

Biz Heydər Əliyev Fondunun əməkdaşları ilə birlikdə layihənin tətbiqi mərhələlərini müəyyənləşdirmiş, hər bir mərhələ üzrə tələb olunan işləri yüksək səviyyədə həyata keçirərək, layihəni uğurla başa çatdıracağıq.

 

Hörmətli Mehriban xanım, biz əlimizdən gələni edəcəyik ki, bu mərhələlər üzrə qarşımızda duran vəzifələri qısa müddətdə yerinə yetirək.

 

İndi isə icazənizlə həmin protezlərin texniki göstəricilərini və istifadəçiyə verə biləcəyi faydaları diqqətinizə çatdırmaq istərdim. İlk təqdim edəcəyimiz nümunə dizaltı amputasiyalar üçün uyğun olan, Almaniyanın “Ottobock” şirkətinə məxsus dizaltı harmonik P3 aktiv vakuum sistemli protezlərdir. Harmonik P3 aktiv vakuum sistemli protez ayağın amputasiya olunmuş hissəsi ilə hərəki uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşmış olur.

 

Dizüstü protezin diz oynağının daxilində yüksək həssaslığa malik iki sensor vardır. Hərəkət zamanı yer səthindən ayrılmış hərəki siqnallar bu sensorlar vasitəsilə mikroprosessor idarəetmə sisteminə ötürülür. Beləliklə, insanın hərəkəti zamanı dəyişik zəminlərə uyğunlaşma təmin edilir.

 

BeBionik əl protezində isə iki ədəd həssas elektrod vardır. Beyindən alınan hərəki siqnallar həmin elektrodlar vasitəsilə mikroprosessor idarəetmə sisteminə ötürülür ki, bu da praktikada istifadəçinin əl hərəkətlərini tənzimləməyə imkan verir.

 

Bu protezlərin tətbiqi əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasına şərait yaradacaq.

 

Sonda xatirə şəkli çəkdirildi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top