MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

200 manat

Azərbaycanın 200 manatlıq pul nişanı Dallasda beynəlxalq konfransda təqdim olunub

ABŞ-ın Dallas şəhərində keçirilmiş beynəlxalq konfransda Azərbaycanın yeni 200 manatlıq pul nişanının təqdimatı olub.

Konfransda Mərkəzi Bankın baş direktoru Akşin Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti yeni pul nişanının dizaynı və istehsalını həyata keçirmiş ABŞ-ın “Crane Currency” və Almaniyanın “Giesecke+Devrient” şirkətləri ilə birgə 200 manatlıq pul nişanını konfrans iştirakçılarına təqdim edib.

Təqdimatda pul nişanının yaradılması, o cümlədən dizaynı, təhlükəsizlik konsepsiyası və istehsal mərhələləri ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verilib, yeni pul nişanında tətbiq olunmuş ən müasir texnologiyalar nümayiş etdirilib.

Ümumilikdə, 70-dək mərkəzi bankdan və 150 beynəlxalq təşkilatdan 750 nümayəndənin iştirak etdiyi konfransda 200 manatlıq pul nişanı ilə yanaşı bir sıra ölkələrin, o cümlədən Avstraliya, İsrail, Meksika, Rusiya, Qırğızıstan və Madaqaskarın yeni seriya banknotları da təqdim olunub.

Azərbaycanın 200 manatlıq pul nişanı öz dizaynı və təhlükəsizlik konsepsiyasına görə ekspertlər tərəfindən ümumilikdə təqdim olunmuş 30 banknot içərisində ən yaxşı beş banknotdan biri kimi qiymətləndirilib və növbəti ildə Dubay şəhərində keçiriləcək beynəlxalq Nağd Pul Konfransında “Ən yaxşı dizayn və mühafizə sistemlərinə malik banknotlar” üzrə nominasiya müsabiqəsinə təqdim edilib.

Konfransın gedişində 200 manatlıq pul nişanının hazırlanması zamanı tətbiq olunan ən son mühafizə texnologiyalarının, onların seçim proseslərinin və ümumi dizayna inteqrasiyasının geniş marağa səbəb olması ilə əlaqədar iştirakçıların müraciətləri nəzərə alınaraq əlavə panel görüşlər keçirilib, konfransın təşkilatçıları – “Currency Research”, “Beynəlxalq Nağd Pul Assosiasiyası”, “Beynəlxalq Banknot Dizaynerləri Assosiasiyası”, müxtəlif banknot çapı şirkətləri və digər təşkilatların rəhbərləri, eləcə də Mərkəzi Bankların nümayəndələri ilə müzakirələr aparılıb.

Yeni pul nişanının təqdimatı barədə məlumatlar bir sıra xarici xəbər portallarında (ABŞ, Böyük Britaniya və Almaniya) öz əksini tapıb və eləcə də konfransın işıqlandırılmasını həyata keçirən beynəlxalq jurnallar, o cümlədən “Currency News” (ABŞ), “Watermark” (Rusiya), “Banknote Industry News” (Almaniya), “Banknote News” (Böyük Britaniya) və s. jurnallar tərəfindən geniş məlumatlar götürülüb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top