Azərbaycanda qazın keyfiyyəti və məişət qaz qurğularına dair tələblər sərtləşdirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda qazın keyfiyyəti və məişət qaz qurğularına dair tələblər sərtləşdirilib

İstehlakçının təqsiri üzündən zədələnmiş qaz sayğacının təmir olunması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçiriləcək

Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edib.

Economic-in məlumatına görə, Qaydaya əsasən qaz qurğuları istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, özündə qazdan istifadə göstəricilərini əks etdirən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğularıdır.

Dəyişikliyə əsasən qaz qurğular bundan sonra həm də dövlət standartlarının tələblərinə cavab verməlidir. İndiyə qədər yaşayış sahələrində və ictimai binalarda məişət məqsədləri üçün, eləcə də həmin sahələrin və binaların qızdırılmasında və isti su təchizatında istifadə olunan və sənaye qurğusu hesab edilməyən qaz qurğuları məişət qurğularına aid edilib. Dəyişikliyə əsasən bundan sonra məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu olmalıdır. Sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir.

Qaydaya əsasən müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyinin (EN) səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən, məişət qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması isə qaz paylayıcısı tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir. Dəyişikliyə əsasən bundan sonra həm də istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulacaq. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb olunmayacaq. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər.

Qaydaya əsasən indiyə qədər qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə qaz paylayıcısının, FHN-in və ya EN-in səlahiyyətli nümayəndələri, onların təmsil etdiyi orqanın qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etməklə buraxıla bilərdilər. Dəyişikliyə əsasən bununla bağlı tələblər də dəyişib və bundan sonra artıq  FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün istehlakçı qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxmalı və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratmalıdır. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. İstehlakçılar da FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsinə imkan yaratmalı, tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verən məişət qaz qurğusundan istifadə etməlidir.

Zədələnmiş qaz sayğacı ilə bağlı tələblər də dəyişib. İndiyə qədər zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaz paylayıcısı tərəfindən həyata keçirilib. Dəyişikliyə əsasən isə  bundan sonra istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısı tərəfindən, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçiriləcək.  Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir

apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top