Azərbaycanda aqrar sahənin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda aqrar sahənin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır.

Ölkənin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində əkilib becərilməsinə imkan versə də torpaq fondunun 52,4 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyildir. Azərbaycanın su ehtiyatları olduqca məhduddur. Belə ki, yerüstü su ehtiyatlarının 70 faizi respublika hüdudları xaricində, 30 faizi isə ölkənin öz ərazisində formalaşır. Quraqlıq illərində yerüstü su ehtiyatlarının azalması, daxili çayların su axınının əsas sərfinin yaz mövsümünə düşməsi və onların əksəriyyətinin axınının tənzimlənməməsi nəticəsində daşqın sularından tam istifadə olunmadan dənizə axması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir. Odur ki, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca böyükdür.

Qeyd etmək lazımdır ki, suvarılan torpaqlar əsasən respublikanın öz isti iqlimi, az atmosfer yağıntılarının (200-300 mm) və torpaq iqlim şəraitinin mürəkkəbliyi ilə səciyyələnən düzənlik-arid zonasında yerləşdiyindən, bol və keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalında digər aqrotexniki tələblərlə yanaşı kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmalarının vaxtında və düzgün aparılması xüsusi əhəmiyyət kəsb edir. Suvarmanın vaxtında aparılması isə hər şeydən əvvəl kollektor-drenaj və suvarma sistemlərinin və onların üzərindəki hidrotexniki qurğuların saz vəziyyətdə saxlanmasından asılıdır.

Azərbaycanda aqrar sahənin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. Belə ki, bitkiçilik məhsullarının 85-90 faizi, pambıq bitkisinin hamısı suvarılan torpaqlarda becərilir. Suvarma əkinçiliyinin iqtisadi səmərəliliyinin təmin olunması kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul əldə olunması ilə yanaşı, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, torpaqların meliorativ vəziyyətinin normal səviyyədə saxlanılması, suvarmanın aqrotexniki və texnoloji cəhətdən düzgün və dəqiq aparılması və operativ idarə olunması yolu ilə əldə oluna bilər.

Mənbə: agro.gov.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top