Azərbaycan Rus Dram Teatrının direktor müavini Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziyada olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Rus Dram Teatrının direktor müavini Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziyada olub

Bakı, 8 iyun, Tatyana İvanayeva, AZƏRTAC

Bişkekdə “VFTM-Qırğızıstan 2024” Vaxtanqov Teatr Menecerləri Festivalının I beynəlxalq sessiyasında iştirak edən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi İlham Məmmədov Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksində olub və Azərbaycanın Ümummilli Liderinin büstü önünə gül dəstələri qoyub.

İlham Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətdə deyib ki, o, dahi siyasətçinin xatirəsini yad etməli və iki ölkənin dostluq əlaqələrinə parlaq sübutlardan biri olan məktəbə mütləq getməli idi.

Vaxtanqov Teatr Menecerləri Festivalının I beynəlxalq sessiyasında iştirakından danışan İlham Məmmədov Bişkek şəhərinə səfərinin təşkilində böyük dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

Forum çərçivəsində İlham Məmmədov məruzə ilə çıxış edərək Azərbaycan teatrının tarixi barədə danışıb.

İlham Məmmədov qeyd edib ki, tədbir çərçivəsində o, uzunmüddətli tərəfdaşlıq və dostluq münasibətində olduğu həmkarları ilə görüşüb. “Hələ forum başa çatmamış aydın oldu ki, oxşar təşəbbüs Azərbaycanda da həyata keçirilə bilər. Mən bu fikri səsləndirən kimi dərhal belə bir tədbirdə iştirak etməyə hazır olduqları barədə açıqlamalar gəlməyə başladı. Diqqət çəkdiyim əsas məsələ isə odur ki, Prezidentimizin titanik əməyi sayəsində Azərbaycan nəinki tanınır, həm də artıq formalaşmış regional güc hesab olunur. Mən bunu alqışlardan, zaldakı mehriban ab-havadan hiss etdim. Çox istərdim ki, Bakıda və Şuşada VFTM çərçivəsində eyni səviyyədə genişmiqyaslı tədbir keçirilsin, bunun üçün aidiyyəti qurumlarla əlaqə saxlayacağam. Düşünürəm ki, bu, Azərbaycanda həyata keçirilən bir çox beynəlxalq layihələrin təbii hissəsinə çevrilə bilər. Axı onların hər biri əsas vəzifəni daşıyır – Azərbaycanın mədəniyyəti, xalqı, adət-ənənələri ilə tanışlıq”, – deyə direktor müavini bildirib.

Qeyd etmək lazımdır ki, “VFTM-Qırğızıstan 2024” festivalı Rusiya Prezidenti yanında Mədəni Təşəbbüslər Fondu, Rusiyanın Mədəniyyət Nazirliyi və Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin dəstəyi ilə keçirilib.

Vaxtanqov Teatr Menecerləri Festivalı 2019-cu ildən bəri bir il yarımdan bir keçirilir. Rusiya və digər ölkələrin 600-ə yaxın səhnə sənətinin menecerlərini, eləcə də teatrların, teatr layihələrinin, inkişaf departamentlərinin rəhbərlərini, PR menecerlərini, müstəqil prodüser və digər mütəxəssisləri birləşdirir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top