MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Natiq eliyev

Azərbaycan neft və qaz hasilatını artırıb

“Neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan qlobal böhranın ən şiddətli xoşagəlməz dövründə belə mühüm nailiyyətlər qazanıb”.

Bunu energetika naziri Natiq Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Nazir bildirib ki, 2016-cı ilin birinci rübü ərzində respublikada 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib:

“Bu da nəzərdə tutulandan 600 min ton artıqdır. Hasil olunan neftin 82 faizi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının payına düşür. Bu dövrdə 8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu konsorsiuma və 220 min tonu SOCAR-a aiddir. Rüb ərzində respublikada 7,5 milyard kubmetr qaz hasil edilib və bu da müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur”.

Nazir deyib ki, Azərbaycan enerji siyasətini heç kimin maraqlarına xələl gətirmədən düzgün formalaşdıraraq həyata keçirməkdədir: “Bu iclasın nəticələri, eyni zamanda, Azərbaycanla Avropa Komissiyasının “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maraqlarının tam üst-üstə düşdüyünü, layihənin Azərbaycan qədər Avropa üçün də böyük əhəmiyyət kəsb etdiyini bir daha

göstərdi. “Cənub Qaz Dəhlizi” layihəsinin son icra vəziyyəti ilə əlaqədar məruzə edərək bildirmək istərdim ki, layihənin əsas elementlərindən olan “Şahdəniz Mərhələ 2” və “Cənub Qafqaz qaz boru kəmərinin genişlənməsi” üzrə işlərin mühüm hissəsi qrafikdə nəzərdə tutulan vaxtdan əvvəl yerinə yetirilib”.

N.Əliyev bildirib ki, hazırda layihə üzrə işlər sürətlə davam etdirilir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal Terminalında, Bakı yaxınlığındakı tikinti sahəsində, Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu boyunca irimiqyaslı tədbirlər həyata keçirilir, istehsalat sahələrində platformanın üst modulları və dayaq blokları qurulur:

“İlkin qazın əldə olunması üçün nəzərdə tutulmuş işlərin 66 faizi artıq yerinə yetirilib. İlin birinci rübündə “Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Genişləndirilməsi” layihəsi çərçivəsində işlər də Azərbaycan və Gürcüstan ərazilərində boru kəmərinin əhatə etdiyi marşrut üzrə uğurla davam etdirilib, Azərbaycanda boru kəməri boyunca torpaq sahələrinin əldə olunması 99 faiz başa çatdırılıb. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının, habelə təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam etdirilməkdədir”.

Nazir deyib ki, ölkədə “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə tikinti işlərinə 15 mindən çox insan cəlb olunub ki, onların da 85 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır:

“Ümumilikdə, Azərbaycan və Gürcüstan ərazisində bu işlərə 22 mindən çox işçi cəlb edilib.

Təməli Sizin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Qars vilayətində qoyulan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə 2015-ci ilin mart ayından başlanmış tikinti işləri də fasiləsiz şəkildə davam etdirilir. Qaz kəmərinin 1350 kilometr hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işləri başlayıb. İndiyədək TANAP-ın tikintisi üzrə ümumi işlərin 20 faizdən çoxu yekunlaşdırılıb. Hazırda 3 lot halında inşa edilən layihə üzrə tədbirlər qrafikə uyğun şəkildə tam sürətlə davam etdirilir.

“Trans-Adriatik” (TAP) layihəsi beynəlxalq aləmin lazımi dəstəyini qazanıb, layihənin reallaşdırılmasındakı çətinlikləri aradan qaldıran “Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi” kimi mühüm bir sənəd Yunanıstan-Albaniya-İtaliya hökumətləri tərəfindən qəbul olunub. Eyni zamanda, TAP layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top